CƏMİYYƏT
Bakıda “Yaşlı nəslin təcrübəsindən faydalanaq” genişmiqyaslı layihə çərçivəsində konfrans keçirilmişdir
Bakı, 26 may (AZƏRTAC, Xatirə Cəfərova). Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) ötən ildən başlayaraq “Yaşlı nəslin təcrübəsindən faydalanaq” mövzusunda genişmiqyaslı layihə icra edir.
Layihə çərçivəsində rayon icra hakimiyyətlərinin dəstəyi ilə təşkil olunmuş tədbirlər Bakı şəhərinin bütün rayonlarını əhatə etmişdir.
AZƏRTAC xəbər verir ki, bu tədbirlərin yekunu olaraq mayın 26-da Bakıda AQUPDK-nın və Yeni Azərbaycan Partiyasının (YAP) birgə təşkilatçılığı ilə konfrans keçirilmişdir.
Tədbirdə çıxış edən AQUPDK-nın sədri Hicran Hüseynova Azərbaycanda reallaşdırılan dövlət ailə siyasətinin uğurlu nəticələrindən danışmışdır.
Bildirilmişdir ki, həyata keçirilən dövlət proqramları, sosial layihələr öz müsbət nəticələrini verməkdədir. Açılan iş yerləri, yaradılan müasir infrastruktur ailələrin daha da güclənməsinə səbəb olmuşdur. Ana və uşaq ölümünün, küçə uşaqları, erkən nikah və uşaqlara qarşı zorakılıq faktlarının azalması dövlətin apardığı uğurlu siyasətin nəticəsidir.
Layihənin əhəmiyyətini qeyd edən AQUPDK sədri bildirmişdir ki, Azərbaycan xalqının tarixi köklərinə, mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz bu qiymətli sərvəti yad təsirlərdən qorumaqla yanaşı, dünyanın mütərəqqi mənəvi dəyərləri ilə daha da zənginləşdirməli, gənc nəsli sağlam ruhda tərbiyə etməliyik. Cəmiyyətin bir çox ənənələrini qoruyub yaşadan ailə əhalinin demoqrafik inkişafında da mühüm rol oynayır. Hazırda Azərbaycanda iki milyondan çox ailə vardır. Hər il orta hesabla ölkədə 80 mindən çox nikah bağlanılır.
Yaşlı nəslin təcrübəsindən danışan H.Hüseynova demişdir ki, vətənpərvərlik, əməksevərlik, insanpərvərlik, böyüyə ehtiram kimi müqəddəs duyğuları insana aşılayan valideynlər, xüsusən babalar, nənələrdir. Bu ənənə tarixin ən sərt zamanlarında belə unudulmamış, əksinə, daha da möhkəmlənmişdir. Yaşlı nəsil keçmişimizlə gələcəyimiz arasında özünün körpü rolunu uğurla yerinə yetirir. Müasir gənclik isə bu gün dünənkindən daha fəal, təşəbbüskar olmalı, dünyaya inteqrasiya prosesində milli mənəvi dəyərlərimizlə iştirak etməlidir.
YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva bildirmişdir ki, ölkəmizdə gənclər siyasətinin uğurla reallaşdırılması nəticəsində əhalinin bu təbəqəsinin nümayəndələri dövlət quruculuğuna geniş cəlb olunur və irəli çəkilirlər.
Mövzunun aktuallığını qeyd edən N.Əliyeva demişdir ki, ayrı-ayrı bölgələrdə, əhali arasında, xüsusən gənc ailələrlə milli dəyərlərin qorunub saxlanılması, daha da möhkəmləndirilməsi, eyni zamanda, gənclərin layiqli vətəndaş və əsl şəxsiyyət kimi yetişməsi istiqamətində maarifləndirmə işlərinin aparılması vacibdir.
Qarşımızda duran əsas məsələ gənclərdə özünü müdafiə, sosial rolların formalaşmasıdır ki, bu istiqamətdə də alimlərimizin, ziyalılarımızın, ağsaqqallarımızın, ağbirçəklərimizin üzərinə böyük məsuliyyət düşür.
Azərbaycan dövlətinin ailə institutunun qorunması istiqamətində güclü qanunvericilik bazasına malik olduğunu deyən Milli Məclisin sosial-siyasət komitəsinin sədri Hadi Rəcəbli bu sahədə həyata keçirilən layihələrdən danışmışdır.
Bildirilmişdir ki, Azərbaycan ailəsi bütün dünyada ən uğurlu ailə modellərdən biri hesab edilir və geniş şəkildə təbliğ olunur. Bu istiqamətdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti xüsusi qeyd olunmalıdır.
Dövlət və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə ailə siyasətinin dəstəklənməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, milli mənəvi-ümumbəşəri dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə çatdırılması məqsədilə keçirilən maarifləndirmə təlimlərinin əhəmiyyətindən danışılmışdır.
Konfransda rayonlarda keçirilən tədbirlər haqqında məlumat verilmiş, mövzu ilə bağlı müzakirələr aparılmışdır.