CƏMİYYƏT
Baş Dövlət Yol Polisi İdarəsi Ramazan bayramı ilə əlaqədar sürücülərə müraciət edib
Bakı, 4 iyun, AZƏRTAC
Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir və səfərə çıxan sürücülərə aşağıdakı qaydalara riayət etmələrini tövsiyə edir.
İdarədən AZƏRTAC-a bildiriblər ki, ilk növbədə, sürücülər səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin sazlığına xüsusi diqqət yetirməlidirlər. Təhlükəsizlik kəmərini təkcə özləri deyil, sərnişinlərin də bağlaması mütləqdir. Unutmayaq ki, hərəkət zamanı sürət rejiminə, ötmə və manevretmə qaydalarına ciddi əməl etmək təhlükəsizliyimiz üçün vacib şərtdir.
“Yuxusuz, yorğun halda sükan arxasına əyləşməkdən çəkinin və hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli olsa da istirahət edin. İsti hava şəraitində soyuducu sistemi olmayan nəqliyyat vasitələrinin sürücülərinin günün sərin vaxtlarında yola çıxmaları məsləhət görülür.
Yaddan çıxarmayaq ki, yol hərəkəti qaydalarına ciddi əməl etməklə Siz, həm özünüzün, həm də əzizlərinizin bayram günlərinin xoş keçməsinə şərait yaratmış olursunuz”, - deyə müraciətdə bildirilib.