SİYASƏT
Belarus paytaxtında MDB çərçivəsində asayiş və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir
Minsk, 25 aprel (AZƏRTAC). Minskdə, MDB İcraiyyə Komitəsində Birlik orqanlarının asayiş və təhlükəsizlik sahəsində əməkdaşlığının təmin edilməsi üzrə işçi strukturları rəhbərlərinin daimi fəaliyyətdə olan müşavirəsinin növbəti iclası keçirilmişdir. Bu barədə AZƏRTAC-a MDB-nin mənzil-qərargahından məlumat vermişlər.
Müşavirədə MDB Parlamentlərarası Assambleyasının, Birliyin iştirakçısı olan ölkələrin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının, Sərhəd Qoşunları Komandanları Şurasının Əlaqələndirmə Xidmətinin, qurumun iştirakçısı olan ölkələrin Təhlükəsizlik Orqanları Rəhbərləri Şurasının, MDB ərazisində Mütəşəkkil Cinayətkarlığa və Cinayətkarlığın digər Təhlükəli Növlərinə qarşı Mübarizənin Əlaqələndirilməsi Bürosunun, Birlik ölkələrinin Vergi (Maliyyə) Araşdırmaları Orqanları Rəhbərlərinin Əlaqələndirmə Şurasının, MDB iştirakçısı olan ölkələrin Antiterror Mərkəzinin, Müdafiə Nazirləri Şurasının, Miqrasiya Orqanları Rəhbərləri Şurası Katibliyinin, Maliyyə Kəşfiyyatı Bölmələrinin Rəhbərləri Şurası Katibliyinin və İcraiyyə Komitəsinin nümayəndələri iştirak etmişlər.
İştirakçılar MDB-nin müasir mərhələdə təhlükəsizlik sahəsində və cinayətkarlığa qarşı mübarizədə qanunvericilik bazası modelinin vəziyyətini və 2013-cü il ərzində cinayətkarlığa qarşı mübarizədə dövlətlərarası əməkdaşlıq proqramlarının yerinə yetirilməsinin gedişatını qiymətləndirmiş, Birlik orqanlarının işçi strukturlarının narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, habelə insan alverinə qarşı mübarizədə əməkdaşlıq məsələlərini müzakirə etmişlər.
MDB iştirakçısı olan dövlətlərin informasiya texnologiyalarının köməyi ilə törədilən cinayətlərə qarşı mübarizədə əməkdaşlıq Konsepsiyasının icrasına yanaşmalar nəzərdən keçirilmişdir.
Tərəflər MDB iştirakçısı olan ölkələrin ərazilərində birgə istintaq-əməliyyat qruplarının yaradılması və onların fəaliyyəti barədə Saziş layihəsinin hazırlanması gedişatını və 2013-cü ildə öz iş planının icrasını müzakirə etmiş, habelə 2014-2016-cı illər üçün oxşar plan təsdiq etmişlər.
Zeynal Ağazadə
AZƏRTAC -ın xüsusi müxbiri
Minsk