SİYASƏT
BELÇİKANIN NÜFUZLU “LE SOİR” QƏZETİNDƏ DAĞLIQ QARABAĞ PROBLEMİNDƏN BƏHS EDƏN MƏQALƏ DƏRC EDİLMİŞDİR
Bakı, 3 sentyabr (AZƏRTAC). Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azəri-Türk Qadınlar Birliyinin iştirakı ilə bu ilin may ayında Belçikada keçirilmiş “Barış qadınlardan keçir” adlı konfransı yenidən bu ölkənin nüfuzlu və ən çox oxunan “Le Soir” qəzeti 2 sentyabr sayında gündəmə gətirmişdir.
Bu barədə Belçikada türk dilində çıxan “Yeni Beltürk” qəzetində məlumat yayılmışdır.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Belçika parlamentində keçirilmiş konfransda senatdakı Reform Hərəkatı fraksiyasının başçısı Dominik Tilmans, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, BMT-nin və xarici dövlətlərin bu ölkədəki diplomatik nümayəndələri, eləcə də Ermənistan təmsilçisi iştirak etmişdilər. Bir neçə ay sonra bu konfransın və onun mövzusunun yenidən “Le Soir” qəzetinin manşetinə çıxarılmasının səbəbi son günlərdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında - qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi, tez-tez atəşkəsin pozulması nəticəsində əsgərlərimizin şəhid olması ilə bağlıdır. Qəzet Azərbaycanın NATO-nun üzvü olmasını, onun proqram və layihələrində fəal iştirakını, Türkiyə ilə möhkəm strateji tərəfdaşlığını xüsusi vurğulamışdır.
“Le Soir” Azərbaycan Prezidenti İlham Əliyevin BMT-yə müraciət etdiyini və bu qurumun qarşıdakı iclaslarında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı məsələnin müzakirəsinin vacibliyini söyləməsini də oxuculara xatırladır.
Məqalədə Belçika senatoru Dominik Tilmansın da bu məsələ ilə əlaqədar açıqlaması yer almışdır. Senator demişdir ki, 21 sentyabr -Beynəlxalq Sülh Günündə Tbilisidə keçiriləcək II konfransa Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı ilə Ermənistan təmsilçisi Rima Arekelyan da dəvət olunmuşlar. Onlar cəbhə xəttindəki gərgin vəziyyətin aradan qaldırılması üçün qadınların hansı işləri görə biləcəyi mövzusunda müzakirələri davam etdirəcək, fikirlərini bölüşəcəklər.
Konfransda, həmçinin növbəti tədbirin dekabrın 21-də Azərbaycanda və ya Ermənistanda, dördüncü toplantının isə gələn il martın 8-də Beynəlxalq Qadınlar Günündə keçirilməsi məsələsi də müzakirə olunacaqdır.