CƏMİYYƏT
Bərdədə qanunsuz fəaliyyət göstərən pendir sexlərinin fəaliyyəti məhdudlaşdırılıb
Bakı, 6 mart, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Həyata keçirilən tədbirlər çərçivəsində Bərdə rayonunun Bahadur Hacıyev küçəsində fəaliyyət göstərən fiziki şəxs Şükürov Bəxtiyar Etibar oğluna və rayonun Kələntərli kəndində fəaliyyət göstərən fiziki şəxs Məmmədov Elçin Şahbaz oğluna məxsus pendir sexlərində reyd keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, reyd zamanı hər iki müəssisədə sanitar-texniki və sanitariya-gigiyenik norma və qaydalara, xammalın saxlanma rejiminə düzgün əməl olunmadığı, istehsal prosesinin düzgün aparılması üçün zəruri olan texnoloji ardıcıllığa riayət edilmədiyi aşkarlanıb. Məlum olub ki, məhsullar baytarlıq şəhadətnaməsinə malik olmadan satışa təqdim edilir.
Müayinələr aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim edilib. Qanunvericiliyin tələbləri çərçivəsində hər iki sexin fəaliyyəti məhdudlaşdırılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.