SİYASƏT
Bərdəli gənclər müstəqil Azərbaycanın vətəndaşı olmaqdan şərəf və qürur duyurlar
Bərdə, 27 may (AZƏRTAC, Tahir Ağaməmmədov). Azərbaycan gənclərinin VII forumuna hazırlıq məqsədilə Bərdə rayon gənclərinin toplantısı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət etmiş, Heydər Əliyev Mərkəzində dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən foto və ekspozisiyalarla tanış olmuşlar.
Toplantıda rayon icra hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Fəqət Şadlinskaya, gənclər və idman idarəsinin rəisi Anar Şahbazov və başqaları çıxış edərək, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətindən, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, gənclərin ölkə və dünya arenasında əldə etdikləri uğurlardan danışmışlar. Bildirilmişdir ki, Bərdə rayonunun 42 minlik gənclər ordusu ulu öndər Heydər Əliyevin nurlu ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin ətrafında sıx birləşərək dövlətimizin qüdrətlənməsi, müstəqilliyimizin möhkəmləndirilməsi yolunda daim öndə olmağa çalışırlar.
Toplantıda çıxış edən gənclər müstəqil Azərbaycan dövlətinin vətəndaşı olmaqdan şərəf və qürur duyduqlarını, rayonun və respublikanın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında bundan sonra da fəal iştirak edəcəklərini bildirmişlər.
Tədbirdə bir qrup fəal gəncə qiymətli hədiyyələr təqdim edilmiş, respublika gənclərinin VII forumuna nümayəndələr seçilmişdir.
Sonda toplantı iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.