CƏMİYYƏT
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin əməkdaşları Ağdamda yerli icmalar üçün təlimlər keçirlər
Bakı, 31 yanvar, AZƏRTAC
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyinin əməkdaşları Ağdam rayonundakı məcburi köçkünlərin məskunlaşdıqları Bənövşələr qəsəbəsində və Əhmədağalı, Kolqışlaq kəndlərində yerli icmalar üçün gender məsələləri mövzusunda təlimlər təşkil ediblər.
Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, təlimlər təşkilatın Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində baş tutub.
Təlimlərin əsas məqsədi iştirakçıların gender bərabərliyinin vacibliyini dərk etməsi, qadınların icma səviyyəsində qərar vermə və icma işlərində fəal iştiraka təşviq olunması, su qaynaqlarının idarə edilməsində hər iki cinsin rolu, onların icma üçün su təchizatı ilə bağlı əsas problemləri birlikdə müzakirə edə biləcəyi barədə məlumatlılığı artırmaqdır.
Dördillik layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan 40 kəhrizin bərpası vasitəsilə təxminən səkkiz mindən çox ailənin təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır.