MƏDƏNİYYƏT
BEYNƏLXALQ MUZEYLƏR GÜNÜNƏ HƏSR OLUNMUŞDUR
Beynəlxalq muzeylər günü münasibətilə Üzeyir Hacıbəyovun ev-muzeyində dahi bəstəkarımızın “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” operalarının 90, “Koroğlu” operasının 65 illiyinə həsr edilmiş yığıncaq keçirilmişdir.
Yığıncaq iştirakçıları əvvəlcə bu səhnə əsərlərinə həsr olunmuş geniş foto-sərgiyə baxmışlar.
Muzeyin direktoru Səadət Qarabağlı yığıncağı açaraq, Azərbaycan professional müsiqisinin inkişafında Üzeyir Hacıbəyovun əvəzsiz xidmətlərindən danışmişdır.
Muzeyin böyük elmi işçisi Raziyə Əliyeva dahi bəstəkarın adları çəkilən operalarının yaranma tarixi və səhnə həyatı barədə ətraflı məlumat vermişdir.
Tədbirdə İngiltərənin Edinburq universitetinin professoru Qulamrza Təbrizi, Kərəm rolunun ifaçısı, xalq artisti Canəli Əkbərov, professor Telman Ağdamski və başqaları da çıxış etmişlər.
Xalq artisti Lütfiyar İmanov Üzeyir Hacıbəyovun dünyanın ən böyük bəstəkarları arasında özünəməxsus yer tutduğunu vurğulamış, “Koroğlu” operasından Koroğlunun ariyasını və Rauf Hacıyevin bir lirik mahnısını oxumuşdur.
Axırda muzeyin əməkdaşları bədii proqramla çıxış etmişlər.