SİYASƏT
Birləşmiş Ərəb Əmirliklərinin WAM dövlət informasiya agentliyində Azərbaycan səfirinin müsahibəsi yerləşdirilmişdir
Abu-Dabi, 1 iyun (AZƏRTAC). Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Elxan Qəhrəman bu ölkənin “Emirates News Agency” (WAM) dövlət informasiya agentliyinə müsahibə vermişdir.
Müsahibəsində E.Qəhrəman Azərbaycanın inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləmişdir. O, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 10 ildə görülmüş işlər, əldə olunmuş nailiyyətlər haqqında danışmışdır. 2013-cü ilin fevralında milli peykimiz olan “Azerspace-1”in uğurla orbitə buraxıldığını diqqətə çatdıran səfir “TAP” və “TANAP” enerji layihələrindən də bəhs etmişdir. Diplomat bu layihələrin Avropanın enerji xəritəsini dəyişdirəcəyini vurğulamışdır.
Səfir 2011-ci ilin oktyabrında Azərbaycanın 155 dövlətin dəstəyini qazanmaqla BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyini bildirmiş, bunu beynəlxalq ictimaiyyətin tam əksəriyyətinin ölkəmizə etimadı kimi qiymətləndirmişdir.
E.Qəhrəman Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun məqsədləri, fəaliyyəti və həyata keçirdiyi layihələrdən, Fondun ölkəmizin təbliği istiqamətində gördüyü işlərdən bəhs etmişdir. Həmçinin dövlətin humanitar diplomatiya siyasətinin sistemli şəkildə həyata keçirilməsi, qlobal səviyyədə aclıq və yoxsulluğa qarşı mübarizə aparılması, təbii və texnogen fəlakətlərdən əziyyət çəkən dövlətlərə yardım göstərilməsi məqsədilə Xarici İşlər Nazirliyi nəzdində təsis edilmiş Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin fəaliyyəti barədə məlumat verilmişdir.
Səfir Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanın müstəqilliyini tanıyan ilk müsəlman ölkələrindən biri olduğunu qeyd etmişdir. O, iki ölkə arasında əlaqələrin bünövrəsinin 1994-cü ildə İslam Konfransı Təşkilatının (indiki İslam Əməkdaşlıq Təşkilatı) Mərakeşin Kasablanka şəhərində təşkil olunmuş sammitində müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin banisi şeyx Zayed bin Sultan Əl Nəhyan arasında keçirilmiş tarixi görüşdə qoyulduğunu diqqətə çatdırmışdır. Bu görüşün, həmçinin Prezident İlham Əliyevin 2006-cı ildə Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri çərçivəsində Prezident şeyx Xəlifə bin Zayed Əl Nəhyanla görüşünün də əlaqələrimizin inkişaf istiqamətlərini müəyyənləşdirdiyi vurğulanmışdır. Diplomat ikitərəfli əlaqələrin bütün istiqamətlərdə, xüsusən də iqtisadi və siyasi sahələrdə müsbət inkişaf dinamikasına malik olduğunu söyləmiş, Azərbaycanı dəstəklədiyinə görə Birləşmiş Ərəb Əmirlikləri rəhbərliyinə təşəkkür etmişdir.
Səfir E.Qəhrəmanın müsahibəsi “Al İttihad”, “Al Khaleej”, “Al Bayan” və “Al Watan” qəzetlərində də dərc edilmişdir.
Məqalənin mətnini aşağıdakı linkdən oxumaq olar: (http://wam.org.ae/servlet/Satellite?c=WamLocAnews&cid=1290011344643&pagename=WAM%2FWAM_A_Layout).
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Abu-Dabi