SİYASƏT
BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM! MÖHTƏRƏM HƏMVƏTƏNLƏRİM, ƏZİZ MÜSƏLMAN QARDAŞ VƏ BACILARIM!
Dünya müsəlmanlarının əziz günü - müqəddəs Qurban bayramı münasibətilə hamını səmimi qəlbdən təbrik edir, kəsilən qurbanların və edilən duaların Haqq dərgahında qəbul olunmasını Cəlal və İzzət sahibindən rica edirəm.
Qurban bayramının tarixi bəşər tarixi qədər qədim və əsrarəngizdir. Peyğəmbərlər sələfi Həzrət İbrahim Əlehissəlamdan yadigar qalan Eydül-Əzha, Xatəmül-ənbiya Məhəmməd salavatullah tərəfindən şərafətlənmiş və müsəlman Ümmətinin müstəqbəl bayramına çevrilmişdir. O zamandan bu günə kimi qurban bayramı Allaha iman və sədaqət, xeyir-bərəkət, arxayınlıq və sülh günü kimi qarşılanır, insanların mənəvi saflaşmasına, xeyirxahlıq və həmrəyliyə bir vəsilə kimi qiymətləndirilir.
Azərbaycan müsəlmanları böyük İslam dininin yüksək amallarına sədaqət və ehtiramla yanaşırlar. Bu münəvvər gündə Məkkədə, Mina vadisində dualar edən hacılarımız Vətənimiz və xalqımız üçün Rəbbil-Aləmdən mərhəmət və səadət arzulayır, şəhidlərimizin ruhlarına rəhmət diləyirlər. İnşaallah, Allahın köməyi ilə torpaqlarımız azad olunacaq, qaçqınlarımız yurdlarına dönəcək, zəfərimiz möhtəşəm, rifahımız əbədi olacaqdır.
Ədalətli qələbəyə inamımız ona görə böyük və yenilməzdir ki, xalqımızın tarixinin ən məsuliyyətli anlarında nəhəng şəxsiyyət, dünyanın nüfuzlu dövlət başçılarından olan möhtərəm Prezidentimiz Heydər Əlirza oğlu Əliyev bizə rəhbərlik edir. İnşaallah, onun müdrikliyi, iradəsi və qətiyyəti bizi böyük qələbə yoluna çıxaracaqdır.
Şeyxülislam kimi bütün dualarım Vətənimizin xoşbəxt gələcəyi və xalqımızın səadətə qovuşması üçündür. Allah qurbanlarınızı qəbul etsin! Qoy eviniz əmin, ruzinuz bol olsun. Amin!
Şeyxülislam
Allahşükür PAŞAZADƏ,
Qafqaz müsəlmanları
İdarəsinin Sədri