CƏMİYYƏT
BMT: bu gün davamlı inkişaf pandemiyadan əvvəlki dövrlə müqayisədə daha artıq əhəmiyyət kəsb edir
Bakı, 12 may, AZƏRTAC
Dünyada işləyən insanların demək olar ki, yarısını işdən çıxarılma təhlükəsi gözləyir, 1998-ci ildən bəri ilk dəfədir ki, yoxsulluq səviyyəsi artıb, malyariya xəstəliyinə tutulma göstəriciləri artaraq iyirmi il əvvəlki səviyyəyə çatıb, qadınlara qarşı zorakılıq isə epidemiya miqyası alıb.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, BMT-nin İqtisadi və Sosial Şurasının (EKOSOS) COVID-19-a qarşı mübarizəyə həsr edilmiş virtual görüşünün iştirakçılarının fikrincə, bu gün davamlı inkişaf hədəflərinin icrası əvvəlki dövrlə müqayisədə daha artıq əhəmiyyət kəsb edir.
EKOSOS-un sədri Mona Cuul deyib: “Biz, əvvəlki kimi, hədəflərə sədaqətliyik, amma görülən tədbirlər daha təcili xarakter daşımalıdır”. O vurğulayıb ki, ilk növbədə, infeksiyanın öhdəsindən gəlmək, o cümlədən vaksin yaratmaq lazımdır. Ancaq, onun sözlərinə görə, pandemiyanın sosial-iqtisadi nəticələri də artıq indi diqqət tələb edir.
Cuulun sözlərinə görə, virus kasıbları da, zənginləri də yaxalaya bilər, buna baxmayaraq ki, o, cəmiyyətlərdə hökm sürən bərabərsizliyi aşkar edir, belə hallara qarşı mübarizə aparmaq lazımdır. EKOSOS-un sədri qeyd edib ki, pandemiya çoxtərəfli əməkdaşlığın və qlobal həmrəyliyin əhəmiyyətini nümayiş etdirdi. O deyib: “İndi bizim heç kəsi diqqətsiz qoymamaq vəzifəmizi yerinə yetirmək vaxtı çatıb”.
Görüşdə çıxış edən BMT-nin Baş katibinin birinci müavini Əminə Məhəmməd bildirib ki, indi dünyada çox insanların həyatı “görünməmiş böhran”ın öhdəsindən gəlməyə çalışan ölkələrin hökumətlərinin BMT tərəfindən nə qədər uğurla dəstəklənəcəyindən asılıdır.
Davamlı İnkişafın Hədəflərini iqtisadiyyatın bərpası vaxtı yol göstərən “kompas” adlandıran Əminə Məhəmməd iqlim məsələlərinə dair Paris sazişinin və inkişafın maliyyələşdirilməsi üzrə Əddis-Əbəbə fəaliyyət proqramının əhəmiyyətini də vurğulayıb. Onun sözlərinə görə, indi pandemiya nəticəsində zərər çəkmiş insanlara qayğı göstərmək, həmçinin ekoloji aspektləri nəzərə alaraq təsərrüfatın bərpası üçün tədbirlər görmək və daha davamlı iqtisadiyyata nail olmaq çox vacibdir.
Baş katibin birinci müavini vurğulayıb ki, vəsaitlərin bölgüsü zamanı, ilk növbədə, münaqişələr cərəyan edən və ya təbii fəlakətlər nəticəsində zərər çəkmiş ölkələrin, həmçinin dənizə çıxışı olmayan, ən az inkişaf etmiş ölkələrin, kiçik ada-dövlətlərin yoxsul sakinlərini xatırlamaq lazımdır.
O qeyd edib ki, COVID-19-a çevik münasibət və böhrandan sonra bərpa Fondu yetərincə sürətlə genişlənmir. Əminə Məhəmməd deyib: “Biz milyardlar istəmişik, amma milyonlar alırıq”.
Baş katibin iqtisadi və sosial məsələləri üzrə birinci müavini Lyu Çjenmin xatırladıb ki, pandemiya dövlətlərdə, o cümlədən maliyyə sferasında, səhiyyə sistemində, həmçinin insan hüquqları, ərzaqla təminat və davamlı inkişaf sahələrində çoxsaylı problemlər yaradıb. Lyu Çjenmin bu böhrandan dərs almağa və bərabərsizliyə qarşı mübarizə tədbirləri görməyə çağırıb.
Beynəlxalq Əmək Təşkilatının rəhbəri Qay Rayder, BMT-nin insan haqları üzrə Ali Komissarı Mişel Baçelet, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş direktoru Syuy Dunyuy da indiki məqamda qlobal həmrəylik göstərməyin və planetin əhalisinin ən həssas təbəqələrinin nümayəndələrini dəstəkləməyin zəruri olduğunu bildiriblər.