İQTİSADİYYAT
BNA-nın iki illik fəaliyyəti ərzində 3 Nəqliyyat Mübadilə Mərkəzi yaradılıb
Bakı, 23 yanvar, Elvin Camalov, AZƏRTAC
Artıq 2 ildir fəaliyyət göstərən Bakı Nəqliyyat Agentliyi (BNA) fəaliyyətdə olduğu müddətdə Bakı şəhərinin nəqliyyat sistemində bir sıra mühüm dəyişikliklər edib.
AZƏRTAC xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin nəzdində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və Sürücü Təlim Mərkəzi olmaqla 2 qurum fəaliyyət göstərir. Agentliyin sürücü bazası yaradılıb və 3008 sürücü qeydiyyata alınıb. Agentliyin fəaliyyət istiqamətlərinə paytaxtın marşrut şəbəkəsi, taksi xidməti və yol infrastrukturu daxildir. Paytaxtın marşrut şəbəkəsində 2112 avtobus mövcuddur və təxminən 1 gündə 2 milyon, 1 ayda isə 60 milyon sərnişin daşınır. Paytaxtda 147 marşrut xətti var. Bunlarda 21-də nağdsız ödəniş sisteminə keçilib və 21 marşrut xətti üzrə 500-yə yaxın avtobus kart sistemi ilə fəaliyyət göstərir.
Bakı Nəqliyyat Agentliyinin iki illik fəaliyyəti zamanı 7 yeni istehsalat bazası yaradılıb. 1400 avtobusa müşahidə kameraları, 1650 avtobusa GPS sistemi quraşdırılıb. 650 sürücü təlimlərə cəlb edilib, 42 yeni avtobus istismara verilib. 811 avtobus əsaslı təmir edilib. Həmçinin 35 yeni taksi duracağı təşkil edilib. 2017-ci ilin 10 ayı ərzində 43 min 398 taksiyə fərqlənmə nişanı verilib. Bundan əlavə yeni dayanacaqlar quraşdırılıb, bir sıra ərazilərdə yol nişanları qoyulub və panduslar istifadəyə verilib.
Bakı Nəqliyyat Agentliyi 2 ildə bir sıra layihələrin icrasına başlayıb, təkliflər hazırlayaraq aidiyyəti qurumlara göndərib. Bunlara “20 Yanvar”, “Yol-1” (Tbilisi prospekti), “Sovetski”, Yusif Səfərov küçəsi ilə bağlı layihələrin hazırlanması və icrası, o cümlədən Təbriz və İzzəddin Həsənoğlu küçələrində mövcud problemlər və onların həlli, Fəzail Bayramov küçəsində geridönmənin təşkili ilə bağlı təkliflərin müvafiq orqanlara göndərilməsi aiddir.
BNA Bakı şəhərində ilk dəfə Nəqliyyat Mübadilə Mərkəzlərinin (NMM) fəaliyyət göstərməsi ilə də yadda qalıb. Paytaxtda 5 Nəqliyyat Mübadilə Mərkəzinin fəaliyyət göstərməsi nəzərdə tutulub. Hazırda “Koroğlu”, “28 May” və “Lökbatan” NMM avtobusların istifadəsinə verilib. Tezliklə “Dərnəgül” NMM istifadəyə veriləcək və daha sonra “Avtovağzal” NMM yaradılacaq. BNA-nın “141” Çağrı Mərkəzi həftənin 7 günü 24 saat olmaqla, ictimai nəqliyyat ilə bağlı hər növ şikayət, təklif və iradların, məlumat xarakterli sorğuların qəbul olunması, qeydə alınması və aidiyyəti üzrə şöbələrə yönləndirilməsi üzrə fəaliyyət göstərir. Həmçinin “Alo141.az” çoxfunksiyalı portal olaraq istifadəçilərə Bakı şəhərinin ictimai nəqliyyatından istifadə, eyni zamanda, digər əhəmiyyətli məlumatları təqdim edir.
BNA fəaliyyət göstərdiyi müddətdə yol hərəkəti iştirakçıları ilə bir sıra maarifləndirici və məlumat xarakterli sosial layihələr də həyata keçirib. Daşıyıcı şirkətlərə nəzarət gücləndirilib, yol hərəkəti qaydalarını pozan sürücülərlə və həmin marşrut xəttini istismar edən daşıyıclarla bağlı tədbirlər görülüb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılıb.