İDMAN
Bolqarıstanın gənclər və idman naziri Bakıda idman qurğularının fəaliyyəti ilə tanış olub
Bakı, 14 dekabr, AZƏRTAC
Azərbaycanda səfərdə olan Bolqarıstanın gənclər və idman naziri Dimitar İliev Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə maraqlanıb.
AZƏRTAC xəbər verir ki, Bakı Su İdmanı Sarayının mövcud vəziyyəti ilə tanış olan D.İliev mütəxəssislərlə görüşüb. Nazir Heydər Əliyev adına İdman-Konsert Kompleksində buz meydançası ilə tanışlıq zamanı buradakı şərait, qarşıda duran işlər barədə mütəxəssislərlə fikir mübadiləsi aparıb. Həmçinin Milli Gimnastika Arenasına da baxış keçirilib.
O, Bakı Konqres Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu”na da qonaq olub və könüllülərin mükafatlandırılmasında iştirak edib. Dimitar İliev Bakı Slavyan Universitetində tələbələrlə də görüşüb.
Günün sonunda qonaq Bakı Gənclər Mərkəzinin fəaliyyəti ilə tanış olub. Ona burada fəaliyyət göstərən klublar, infrastruktur imkanları, gənclərin şəxsi inkişafı və asudə vaxtının təşkili üçün keçirilən layihələr barədə məlumat verilib.