SİYASƏT
Bosniya və Herseqovina mətbuatında bu ölkənin Nazirlər Kabineti sədrinin müavininin Azərbaycana səfəri geniş işıqlandırılmışdır
Sarayevo, 1 may (AZƏRTAC). Bosniya və Herseqovina mətbuatında bu ölkənin Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Zlatko Lagumdziyanın Azərbaycana səfəri geniş işıqlandırılmışdır.
Bosniya və Herseqovinanın bir sıra xəbər agentliklərinin, o cümlədən televiziya kanallarının saytlarında Zlatko Lagumdziyanın Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək üçün Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlərlə bağlı məqalələr yer almışdır.
Yazılarda qeyd olunur ki, səfər çərçivəsində Zlatko Lagumdziya Azərbaycanın bir sıra dövlət və hökumət rəsmiləri ilə görüşmüşdür. Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, xarici işlər naziri Elmar Məmmədyarov ilə keçirilən görüşlərdə iki ölkə arasında bir çox sahələrdə mövcud əməkdaşlığı genişləndirməyin istiqamətləri müzakirə olunmuşdur.
Azərbaycanlı sərmayəçilərin Bosniya və Herseqovinada həyata keçirilən layihələrə cəlb olunması ilə bağlı fikir mübadiləsinin aparıldığı görüşlərdə ölkələrimizin müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərinin birgə tədbirlər həyata keçirmələrinin əhəmiyyəti vurğulanmışdır.
Məqalələrin tam mətnlərini aşağıdakı linklərdə oxumaq olar:
http://www.bhrt.ba/ekonomija/lagumdzija-pojacati-angazman-azerbejdzanskih-investitora/
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo