MƏDƏNİYYƏT
Britaniyanın ən məşhur yeni filmləri Bakıda nümayiş etdiriləcək
Bakı, 7 aprel, AZƏRTAC
“British Council Azərbaycan” təşkilatı Böyük Britaniyanın ölkəmizdəki səfirliyi və Nizami Kino Mərkəzi ilə əməkdaşlıq çərçivəsində aprelin 28-dən mayın 4-dək üçüncü “British Film Spring” festivalını keçirəcək.
“British Council Azərbaycan”dan AZƏRTAC-a bildirilib ki, festival çərçivəsində Britaniya kinematoqrafiyasının ən yaxşı və ən məşhur yeni filmləri Azərbaycan tamaşaçılarına təqdim ediləcək.
Builki festivalda qadınlar tərəfindən və qadınlar haqqında çəkilmiş 6 unudulmaz, çox fərqli film nümayiş olunacaq. Bunlar “Yetkinlik həyatının bacarıqları” (Adult Life Skills), “Mən, Deniel Bleyk” (I, Daniel Blake), “Yan, yan, yan” (Burn, Burn, Burn), “Daşqın” (The Levelling), “Möhtəşəm həyat” (This Beautiful Fantastic) və “Etel və Ernest” (Ethel and Ernest) filmləridir. Builki açılış filmi Reyçel Tunnardın mükafat almış “Yetkinlik həyatının bacarıqları” komediyasıdır.
Film Azərbaycan dilində subtitrlərlə nümayiş olunacaq.
“British Council Azərbaycan”ın direktoru Elizabet Vayt üçüncü “British Film Spring” festivalının keçirilməsi münasibətilə deyib: “Builki “British Film Spring” festivalı üçün sözün əsl mənasında maraqlı filmlər seçilib. Ümid edirəm ki, Bakı tamaşaçıları bu möhtəşəm filmləri izləmək fürsətini qaçırmazlar. Biz Britaniya filmlərini və film rejissorlarını Azərbaycan tamaşaçısına təqdim etmək, innovasiyalar, fərqlilik və mükəmməlliklə seçilən yaradıcılıq mübadiləsi üçün imkanlar yaratmaq istəyirik”.
Bundan başqa, “British Council Azərbaycan” Böyük Britaniyanın ölkəmizdəki səfirliyi və “Nərimanfilm” kino şirkəti ilə birgə aprelin 24-dən 28-dək Nizami Kino Mərkəzində azərbaycanlı ssenaristlər üçün beş günlük seminar təşkil edəcək. Layihənin məqsədi britaniyalı mütəxəssis, “Yetkinlik həyatının bacarıqları” filminin ssenari müəllifi Pol Freyzerin apardığı təlim proqramı vasitəsilə azərbaycanlı ssenaristlərin peşəkar səriştə və bacarıqlarının gücləndirilməsidir. 20-dən çox yerli ssenarist bu seminarda bilik və təcrübələrini paylaşmaq, onlar üçün yeni olan iş üsullarını müzakirə etmək, Birləşmiş Krallığın innovasiya perspektivləri baxımından yeni əməkdaşlıq modellərini araşdırmaq imkanı əldə edəcək.
Festival Nizami Kino Mərkəzində keçiriləcək. Biletləri Nizami Kino Mərkəzinin kassalarında əldə etmək mümkündür.