MƏDƏNİYYƏT
Bu il ölkəmizə gələn turistlərin bank xərcləri 190 milyon manatdan çox olub
Bakı, 11aprel, AZƏRTAC
Cari ilin iki ayında Azərbaycanda xarici vətəndaşlar tərəfindən bank kartları vasitəsilə edilən əməliyyatlarda artım müşahidə olunub.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ölkəmizə gələn xarici vətəndaşlar tərəfindən bank kartları vasitəsilə yanvarda 99 milyon 798 min 809 manat, fevral 91 milyon 128 min 890 manat, ümumilikdə isə 190 milyon 927 min 699 manat məbləğində əməliyyat aparılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə xarici vətəndaşlar tərəfindən bank kartları vasitəsilə 31 milyon 565 min 965 manat, yəni, 20 faiz çox vəsait xərclənib.
Xatırladaq ki, 2017-ci ildə xarici vətəndaşlar Azərbaycanda bank kartları vasitəsilə 1 milyard 22 milyon 36 min 752 manat vəsait xərcləmişdilər.
Vətəndaşlarımız tərəfindən isə xaricdə 2 ay ərzində 179 milyon 521 min 339 manat məbləğində əməliyyat aparılıb. Xarici vətəndaşların Azərbaycanda xərclədikləri vəsaitin həcmi ölkə vətəndaşlarının xarici ölkələrdə xərclədikləri vəsaitdən 11 milyon 406 min 360 manat daha çoxdur.