DÜNYA
Budapeştdə beynəlxalq aeroportun yeni terminalının tikintisi başlayır
Budapeşt, 26 sentyabr, AZƏRTAC
Bu gün Budapeştdə Ferents List adına beynəlxalq aeroportun aşağı dəyərli aviareyslərə xidmət göstərəcək yeni terminalının tikintisi başlayır. Onun gələn ilin ortalarında XXI əsrin ən yüksək texnologiyaları səviyyəsində istifadəyə veriləcəyi gözlənilir.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Budapeştin Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirilib. Beynəlxalq aeroportun ictimaiyyətlə və KİV-lə əlaqələr üzrə nümayəndələri bildiriblər ki, yeni terminal “2C” adlanacaq. Xatırladaq ki, hava limanında artıq “2B” terminalı fəaliyyət göstərir ki, buradan da Şengen zonasına daxil olmayan ölkələrə, o cümlədən Azərbaycana uçuşlar həyata keçirilir. Digər - “2A” terminalından isə Şengen zonası ölkələrinə aviareyslər təşkil olunur.
Qeyd olunub ki, yeni terminal texnologiyanın ən son nailiyyətləri ilə təchiz ediləcək, burada sərnişinlərin öz reyslərini gözləməsi üçün gözəl şərait yaradılacaq. Terminalda körpələrə qulluq yeri, mağazalar və kafelər, hərəkət edən lentlər və baxış meydançası da olacaq.
AZƏRTAC-ın müxbirinin hava limanı və şəhər arasında nəqliyyat çətinliyi ilə bağlı sualını cavablandıran aeroport nümayəndəsi deyib ki, hökumət yeni dəmir yolu xəttinin çəkilməsini planlaşdırır. Bu məsələdə şəhərdən hava limanına olacaq səfərlərin birbaşa və ya dayanacaqlarla olacağı dəqiqləşdiriləcək.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt