REGİONLAR
Cəbrayıllı arıçı: Növbəti illərdə təsərrüfatı daha da genişləndirərək bal istehsalını artıracağam
Cocuq Mərcanlı, 20 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin inkişafı daim diqqət mərkəzində saxlanılır, kənd sakinlərinin məşğulluğunun təmin edilməsi və sosial rifahın yaxşılaşdırılması istiqamətində müxtəlif layihələr həyata keçirilir. Belə layihələrdən biri İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə kənddə arıçılıq təsərrüfatlarının yaradılmasıdır.
Cocuq Mərcanlı kənd icra nümayəndəsi Atakişi Atakişiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, layihə çərçivəsində 2018-ci ildə Cocuq Mərcanlıda 15 ailənin hər birinə 10 arı ailəsi olmaqla, 150 arı ailəsi verilib. Arı təsərrüfatlarının hər biri gələcəkdə təsərrüfatın genişləndirilməsi üçün əlavə 10 ədəd yeşiklə, həmçinin arıçılıq avadanlıqları və materiallarla (əl dəmiri, körük, arıçı libası və sair), xəstəliklərə qarşı dərman vasitələri ilə təmin olunub. Arıçılıqla məşğul olan kənd sakinləri təsərrüfatlarını genişləndirir, arı ailələrinin sayını artırır, ekoloji təmiz arı məhsulları istehsal edərək satışını həyata keçirirlər. Artıq bir il ərzində kənddə arı ailələrinin sayı artaraq 192-yə çatdırılıb.
Kənd sakini İlkin Təbrizli də təsərrüfatını genişləndirməyi qarşıya məqsəd qoyub. "Cocuq Mərcanlıda arıçılığın inkişaf etdirilməsi üçün gözəl şərait var. Kənd ərazisində yaz və yay mövsümündə böyürtkən, qanqal, biyan, yulğun, yonca kimi balverən bitkilər çoxluq təşkil edir. Bu isə arıçılığın inkişafına imkan verir. Artıq pətəklərin sayını 16-ya çatdırmışam. Ötən il 45 kiloqram, bu il isə 50 kiloqram balımız olub. Balı özümüz istifadə etməklə yanaşı, həm də satırıq. Bundan başqa vələmum, çiçək tozu, sifariş olduqda arı südü də istehsal edirəm. Əminəm ki, növbəti illərdə təsərrüfatı daha da genişləndirərək bal istehsalını artıracağam. Cocuq Mərcanlı kəndinin sakinlərinin sosial rifahının yaxşılaşdırılmasını daim diqqətdə saxlayan Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm", - deyə İ.Təbrizli qeyd edib.