CƏMİYYƏT
Cəlilabadda sosial izolyasiya tədbirlərinin təmin olunmasına nəzarət gücləndirilib
![](/files/galleryphoto/2020/2/1200x630/1588945768417738016_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/15889457683757160972_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/15889457681442242842_1200x630.jpg)
Bakı, 8 may, AZƏRTAC
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərə əksər vətəndaşlar tərəfindən əməl edilsə də, xüsusilə son günlər ictimai yerlərdə tibbi maskadan istifadə edilməməsi, sosial məsafənin gözlənilməməsi kimi infeksiyanın yayılmasına şərait yaradan halların artması müşahidə edilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, respublikanın digər şəhər və rayonlarında olduğu kimi, Cəlilabadda da vətəndaşların sağlamlığının qorunması, infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən maarifləndirici, izahedici söhbətlər aparılır. Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşlara evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaq və onların sağlamlıqlarının qorunması ilə bağlı digər zəruri məsələlər haqqında tövsiyələr verilir. Bankların, poçt filiallarının qarşısında, əhalinin sıx olduğu digər ərazilərdə sosial izolyasiya tədbirlərinə nəzarət olunur, vətəndaşlara tibbi maska və əlcəklər paylanır.