ORDU
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Bilik Günü qeyd edilib
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə üçrəngli bayrağımız fəxri qarovulun müşayiəti ilə sıra meydanına gətirilib. Dövlət himninin səslənməsi ilə tədbirin rəsmi hissəsi açıq elan edilib.
İlk dəfə hərbi forma geyən gələcək zabitlər sıra meydanında Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş döyüşçülərin və ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Gənc kursantlar Şərəf Andını qəbul etdikdən sonra hərbi liseyin rəisi, general-mayor Mirzə Almasov onlara təbriklərini çatdırıb, şərəfli yolda uğurlar arzulayıb.
Sonra hərbi liseyin müəllimləri və gənc kursantların valideynləri əlamətdar gün münasibətilə şəxsi heyəti təbrik edib, gənclərimizə xeyir-dua veriblər. Çıxışlarda kursantların gələcəkdə Silahlı Qüvvələrimizin hərbi qüdrətinin artmasına töhfə verəcəklərinə əminlik ifadə edilib.
Kursantların təntənəli marşla keçidindən sonra valideynlər liseyin rəhbərliyi ilə görüşüb, hərbi təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olublar.