CƏMİYYƏT
Cenevrədə Beynəlxalq Novruz Gününə həsr edilmiş tədbir keçirilib
Cenevrə, 15 aprel, AZƏRTAC
Cenevrədə Beynəlxalq Novruz Gününə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan, Əfqanıstan, Hindistan, İraq, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın BMT-nin Cenevrə bölməsi yanında daimi nümayəndəliklərinin və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə baş tutub.
BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatında keçirilən tədbirin açılışında on iki daimi nümayəndəlik adından Tacikistanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi çıxış edərək Novruz adət-ənənələrinin dünya mədəni irsinin mühüm tərkib hissəsi olduğunu, dünya mədəniyyətinə və incəsənətinə xüsusi töhfə verdiyini vurğulayıb. Bu tədbir insanlar, mədəniyyətlər və dinlər arasında firavanlıq və həmrəyliyin rəmzi kimi qiymətləndirilib.
Qeyd edilib ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də BMT Baş Assambleyası tərəfindən yekdilliklə qəbul edilmiş qətnaməyə əsasən, 21 mart Beynəlxalq Novruz Günü elan edilib. Həmin vaxtdan etibarən Beynəlxalq Novruz Günü BMT-də qeyd olunur və Cenevrədəki tədbir məhz həmin qətnaməyə uyğun təşkil edilib.
Tədbirdə təşkilatçı ölkələrin tarixini, mədəniyyətini və incəsənətini əks etdirən foto və video materiallar təqdim edilib, milli mətbəx nümunələrindən ibarət xüsusi guşələr yaradılıb.
Yüzlərlə yaxın qonağın qatıldığı mərasimdə Cenevrədəki BMT Bölməsi yanında akkreditə olunmuş ölkələrin daimi nümayəndələri və diplomatik korpusun digər üzvləri, BMT təsisatlarının əməkdaşları, Cenevrə şəhərinin rəsmiləri və təşkilatçı ölkələrin Cenevrədəki diaspor nümayəndələri iştirak ediblər.
Bədii hissədə soydaşımız Mariya Xan Xoyskayanın rəhbərliyi ilə Cenevrədə fəaliyyət göstərən və üzvləri bu şəhərdə yaşayan azərbaycanlıların övladlarından ibarət “İrs” rəqs ansamblı tərəfindən Azərbaycanın xalq rəqsləri nümayiş olunub.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə