İDMAN
Ceyn Pirs: AZƏRTAC ilə müqavilənin imzalanması IV İslam Həmrəyliyi Oyunlarının təbliğində mühüm başlanğıcdır VİDEO
Bakı, 15 dekabr, AZƏRTAC
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin mətbuat əməliyyatları şöbəsinin direktoru xanım Ceyn Pirs bu mötəbər yarışla bağlı AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.
- Xanım Pirs, Azərbaycanın ev sahibliyi edəcəyi IV İslam Həmrəyliyi Oyunlarının təbliğini necə qurmaq fikrindəsiniz?
- Bu gün AZƏRTAC ilə IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi arasında rəsmi media tərəfdaşlığı barədə müqavilənin imzalanması Oyunların təbliği istiqamətində mühüm başlanğıc oldu. Biz milli media tərəfdaşı olaraq, AZƏRTAC ilə birgə işləməkdən məmnunuq. Oyunların təbliğinə gələn ilin yanvarından başlayacağıq. Belə ki, Oyunlar üçün biletlərin satışı elan olunacaq. İnsanlar biletləri necə əldə edə bilərlər? Biz onlara İslam Həmrəyliyi Oyunlarının necə bir hissəsi olmağın yollarını aşılayacağıq. Media akkreditasiya prosesinə yenidən başlayacağıq. Oyunları işıqlandırmaq istəyən hər bir yerli və beynəlxalq media nümayəndəsinin üzünə qapılarımız açıq olacaq. Mətbuatın akkreditasiyası gələn il yanvarın ortalarından başlayacaq və aprelə qədər davam edəcək.
- İslam Həmrəyliyi Oyunlarında idmanın hansı növləri üzrə yarışlar keçiriləcək?
- Biz IV İslam Həmrəyliyi Oyunlarında idmanın 20 növü üzrə yarışların keçirilməsini planlaşdırırıq. Azərbaycan üçün xoş xəbərlərdən biri odur ki, ölkənizdə çox məşhur olan idman növləri üzrə də yarışlar keçiriləcək. Belə ki, güləş, cüdo, ağırlıqqaldırma, futbol azarkeşləri Oyunlarda idmanın bu növləri üzrə maraqla yarışları izləyə biləcəklər. Əlbəttə, Oyunların proqramına beynəlxalq səviyyədə məşhur olan idman növləri də daxil edilib.
Beləliklə, biz İslam dünyasında Azərbaycan barədə məlumatlılığı daha da artıra biləcəyik. IV İslam Həmrəyliyi Oyunları çərçivəsində idmansevərləri olduqca maraqlı yarışlar gözləyir.