DÜNYA
Çadda qızıl mədəninin çökməsi nəticəsində ən azı 30 nəfər ölüb
Bakı, 26 sentyabr, AZƏRTAC
Mərkəzi Afrikanın ən böyük ölkəsi olan Çadda qızıl mədəninin çökməsi nəticəsində ən azı 30 nəfərin öldüyü bildirilir. AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb. Belə ki, ən yoxsul dövlətlərdən biri sayılan, lakin qızıl ehtiyatları ilə zəngin olan Tibesti əyalətində məhsuldar torpaqlar və su ehtiyatlarına sahib olmaq üçün qəbilələr arasında müharibə davam etdiyindən, hərbçilər burada fövqəladə vəziyyət elan ediblər.
Agentliyin xəbərində qeyd olunur ki, ölkənin şimalında yerləşən və Liviya ilə həmsərhəd olan Tibesti vilayətindəki qızıl mədənlərində yüzlərlə qeyri-leqal fəhlə işləyir. Qızıl mədəninin dərinliyində qalmış insanların axtarılması üçün hərbçilər və xilasedicilər birgə əməliyyat həyata keçirirlər. Ölənlərin sayının daha artıq olacağı bildirilir.