DÜNYA
Çox yaşamaq üçün günaşırı yemək lazımdır
Bakı, 20 fevral (AZƏRTAC). Amerikanın Milli Qocalma İnstitutunun alimləri orqanizmin bütün daxili qüvvələrini fəallaşdırmaq üçün oructutmanın çox səmərəli olduğunu təsdiq etmişlər. Britaniyanın BBC radiostansiyası xəbər verir ki, son onilliklərdə heyvanlar üzərində aparılmış ən iri belə tədqiqatlar zamanı mütəxəssislər müəyyən etmişlər ki, düzgün acqalma ömür müddətini xeyli, bir sıra hallarda iki dəfə uzada bilər.
BBC Amerika alimlərinin nəticələrini sitat gətirir: “Canlı orqanizmə minimum zəruri miqdarda kalori verən qidalanma sistemi beyinin, ürək-damar sisteminin, digər ən mühüm orqanların sağlamlığının qorunmasına kömək göstərir”. Hələ üstəlik, tədqiqatın rəhbərlərindən biri olan professor Mark Metsonun dediyinə görə, aclıq qocalma prosesini dəfələrlə yubandırır.
Metson demişdir: “Daxil olan enerjinin həcminin azalması ömür müddətini artırır, orqanizmin xəstəliklərə müqavimət göstərmək qabiliyyətini yüksəldir və orqanizmi cavanlaşdırır”. O bildirmişdir ki, tədqiqatlar zamanı heyvanlara günaşırı yemək verməklə saxlanılan pəhriz xeyli pozitiv effekt vermişdir.
İTAR-TASS xəbər verir ki, Amerikanın Milli Qocalma İnstitutu mütəxəssislərinin nəticələri Amerika Elmin İnkişafına Yardım Assosiasiyasının himayəsi altında Kanadanın Vankuver şəhərində keçirilən böyük beynəlxalq konfransa təqdim olunmuşdur.