DÜNYA
Co Bayden “Super Çərşənbə axşamı” əksər ştatlarda qələbə qazanıb
Vaşinqton, 4 mart, AZƏRTAC
ABŞ-da Prezident seçkiləri ilində mart ayının ilk çərşənbə axşamı günü “Super çərşənbə axşamı” adlanır. Həmin gün əksər ştatlarda ilkin seçkilər (praymerizlər) keçirilir. Bu seçkilərdə bütün partiyalardan prezidentliyə namizədlərin seçilməsi üzrə qurultaylara nümayəndələr - ştatlardan olan seçkiçilər müəyyən olunur.
AZƏRTAC xəbər verir ki, ilkin məlumatlara görə, əksər ştatlarda Co Bayden qalib gəlib. Praymerizlər ABŞ prezidentliyinə namizədləri seçmək üçün seçki kampaniyasının sonrakı gedişini müəyyən edir. Bu həftə prezidentlik uğrunda mübarizəni dayandıran bəzi demokrat namizədlər Co Baydeni dəstəkləyiblər. Nəticədə keçmiş vitse-prezident Emi Klobuşar, Pit Butticiç və başqa namizədlərin tərəfdarlarının səslərini qazanıb.
Budəfəki praymerizlərdə 14 ştatın - Alabama, Arkanzas, Kaliforniya, Kolorado, Men, Massaçusets, Minnesota, Şimali Karolina, Oklahoma, Tennessi, Texas, Yuta, Vermont və Virciniyanın, habelə Amerika Samoasının (Sakit okeanın cənubunda yerləşən Amerika ərazisi) sakinləri səs veriblər.
İddiaçılar bu ştatlardan və ərazilərdən olan 1.357 nümayəndənin səsləri uğrunda mübarizə aparırlar. Sonradan - iyulun ortalarında Demokratlar Partiyasının qurultayında iştirak edəcək bu nümayəndələr orada öz seçicilərinin ilkin səsverməsi əsasında prezidentliyə namizədi seçəcəklər. Demokrat Partiyasından həmin qurultayda müəyyən ediləcək namizəd 2020-ci ilin noyabrında keçiriləcək prezident seçkilərində hazırkı prezident, respublikaçı Donald Trampın rəqibi olacaq. İddiaçı 3979 nümayəndədən ən azı 1991-nin dəstəyini almalıdır. Bu nümayəndələrin kimə səs verməsi namizədlərin praymerizlərdə (gizli səsvermə) və kokuslarda (partiya iclaslarında səsvermə) çıxışlarından asılı olaraq.
Gecə saat 12 üçün olan məlumata görə, Virciniya, Şimali Karolina, Alabama, Oklahoma, Tennessi, Minnesota, Arkanzas, Massaçusets və Men ştatlarında Co Bayden, Vermont, Yuta və Kolorado ştatlarında isə Berni Sanders qalib gəlib. Amerika Samoasında Maykl Blumberqi dəstəkləyiblər. Elizabet Uorren heç bir ştatda qalib gələ bilməyib. Tulsi Qabbard acınacaqlı vəziyyətə düşüb: çox cüzi sayda səs toplaya bilib. Günün sonunda Texas və Kaliforniyada Sanders lider idi, lakin hesablamalar hələ bir neçə gün davam edəcək və nəticələr fərqli ola bilər.
AZƏRTAC-ın Vaşinqton Bürosu