RƏSMİ XRONİKA
“CTS AQRO” MMC-NİN PAMBIQTƏMİZLƏMƏ ZAVODU MƏHSULLARINI İXRAC EDİR
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də “CTS Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin Beyləqandakı pambıqtəmizləmə zavodu ilə tanış olmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, “CTS Aqro” MMC-nin 4 zavodundan biri olan və regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı çərçivəsində yaradılmış bu müəssisə 2006-cı ildən fəaliyyət göstərir. Zavodda 180 daimi, 250 mövsümi işçi çalışır. Orta aylıq əmək haqqı 220-270 manatdır. İstehsal olunan məhsullar Türkiyə, Rusiya və Gürcüstana ixrac edilir, eləcə də daxili bazarlara çıxarılır. Zavod əsasən Beyləqan və İmişli rayonlarından tədarük olunan xammalla işləyir. Ötən il 8971 ton pambıq tədarük olunmuşdur.
CTS-Aqro-nun Beyləqan, Ağcabədi, Saatlı və Əli Bayramlıda fəaliyyət göstərən dörd zavodunda, habelə altı rayondakı pambıq qəbulu məntəqələrində 5 minədək daimi işçi çalışır. Zavodların illik istehsal gücü isə 25-30 min tondur.
Bu il Saatlıda istehsal gücü ildə 3 min ton olacaq əyirici fabrikin işə salınacağı gözlənilir.
Prezident İlham Əliyev zavodun fəaliyyətini yüksək qiymətləndirdi.
######