SİYASƏT
Dnepropetrovskda həmvətənlərimiz “Oqni Azerbaydjana” qəzetinin 28 May – Respublika Gününə həsr olunmuş tematik nömrəsini buraxmışlar
Kiyev, 27 may (AZƏRTAC). “Oqni Azerbaydjana” qəzeti -“Dnepropetrovsk vilayəti azərbaycanlılarının liqası” (DAL) vilayət ictimai təşkilatının mətbuat orqanı öz növbəti nömrəsini 28 May - Respublika Gününə həsr etmişdir.
Qəzetin bayram buraxılışında Ukrayna oxucusu Azərbaycan Demokratik Respublikasının əsasını qoyanlar haqqında, Məhəmməd Əmin Rəsulzadənin və Fətəli xan Xoyskinin bioqrafiyası və fəaliyyəti barədə məlumat alacaqdır.
Qəzetin iki orta səhifəsi bütünlüklə Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev haqqında İTAR-TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman ilə “Qalib Heydər” adlı müsahibəyə həsr olunmuşdur.
“Elm - nurdur, amma göz olmadan nur da olmur” - akademik Zərifə Əliyeva” sərlövhəli geniş bir material görkəmli alim-oftalmoloq, akademik Zərifə Əliyevanın işıqlı xatirəsinə həsr edilmişdir. Məqalənin müəllifi tibb elmləri doktoru, Ukrayna Dövlət Sanitariya-Epidemiologiya Xidmətinin baş mütəxəssisi, akademik Zərifə Əliyevanın rəhbərliyi altında tibbin sirlərinə yiyələnmək şərəfinə nail olmuş Aydın Salmanovdur.
Qəzetin səhifələrində həmçinin “İlham Əliyev: Ermənistan öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmağa başlamalıdır”, “Fondun (Heydər Əliyev Fondunun - AZƏRTAC) əsas məqsədi Azərbaycan xalqına xidmət etməkdir”, “Ukrayna dəstəyə görə Azərbaycana minnətdarlığını bildirmişdir”, “Bakılı oğlan” - Böyük Teatrın solistidir”, “Maykl Bolton: “Qəlbimdə Bakı haqqında yalnız ən yaxşı və gözəl xatirələr qalacaqdır”, “Azərbaycan dünya gimnastikası elitasına daxil olmuşdur” adlı materiallar və digər maraqlı, aktual yazılar da dərc olunmuşdur.
Qəzet DAL-ın sədri, şef-redaktor Sərxoş İsmayılovun dəstəyi ilə çıxır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev