MƏDƏNİYYƏT
Doha Forumunda Ermənistan tərəfindən Azərbaycanın maddi-mədəni irsinin dağıdılması, mənimsənilməsi məsələsi qaldırılmışdır
Bakı, 14 dekabr (AZƏRTAC). Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Dövlətinin himayəsi ilə Doha şəhərində keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının dördüncü illik Forumunda iştirak etmişdir.
Səfərdən yeni qayıtmış Əbülfəs Qarayev AZƏRTAC-a müsahibəsində bildirmişdir ki, forumda Azərbaycanın maddi-mədəni irsinin Ermənistan tərəfindən dağıdılması və mənimsənilməsi məsələsi qaldırılmışdır. Forum iştirakçıları bu məsələdə Azərbaycanı dəstəkləmişdir. Bildirilmişdir ki, bütün bəşəriyyət mədəniyyət vasitəsilə birləşmək arzusundadır və bu cür hallar ürəkaçan deyil. Çünki insanlar artıq müharibədən yorulublar.
Ə.Qarayev Azərbaycan nümayəndələrinin Doha Forumunda çox fəal iştirak etdiklərini söyləmişdir. Dövlətlərin, hökumətlərin mədəniyyətlərarası dialoq sahəsində məsuliyyəti haqqında gedən söhbətlərdə Azərbaycanın apardığı siyasət çox böyük hörmətlə qeyd olunmuşdur. Biz öz mövqeyimizi bildirdik və iştirakçı ölkələri 2013-cü ildə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət etdik. Orada müzakirə olunacaq məsələlərin mövzularını müəyyənləşdirdik.