CƏMİYYƏT
Dörd regional “ASAN xidmət” mərkəzində pulsuz hüquqi yardım layihələri uğurla yekunlaşıb
Bakı, 13 aprel, AZƏRTAC
BMT-nin Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT-in) Azərbaycan nümayəndəliyi ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə həyata keçirilən qanunun aliliyi layihəsinin icrasını başa çatdırıb.
BMqT-in Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, layihə Azərbaycan vətəndaşlarının peşəkar hüquqi xidmətlərə çıxışının artırılması üçün səylərini dəstəkləyirdi. Bu məqsədlə layihə çərçivəsində Azərbaycanın dörd regional mərkəzində hüquqi yardım mərkəzləri açılıb. Bu təşəbbüs Ədliyyə Nazirliyi, Vəkillər Kollegiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə həyata keçirilib. Həmin qurumlarla sıx əməkdaşlıq nəticəsində ötən ilin fevralında Bərdə, Qəbələ, İmişli və Masallı rayonlarında “ASAN xidmət” mərkəzlərinin daxilində hüquqi yardım mərkəzləri açılıb.
Bu il martın sonunadək mərkəzlərə müraciət edən 3442 nəfərə hüquqi xidmət göstərilib. Müraciət edənlərin 29 faizi qadın, 71 faizi kişi olub. Müraciətlərin 28 faizi məhkəmələrlə bağlı məsələlər olub. Ötən dövrdə göstərilən hüquqi yardımın təhlili göstərir ki, müraciətlərin 14 faizi bank kreditləri, 25 faizi mülkiyyət və mirasla bağlı, 19 faizi ailə, 16 faizi əmək və sosial müdafiə ilə bağlı məsələlər olub. Bundan əlavə, digər müraciətlər miqrasiya hüququ, vergi qanunvericiliyi, kommunal xidmətlər, vətəndaşlıq və qeydiyyat və inzibati işlər kimi müxtəlif sahələri əhatə edib.
Müraciət edən vətəndaşlar onlara göstərilən pulsuz hüquqi yardımın səviyyəsindən razı qalıblar. Layihədə nəzərdə tutulduğu kimi ərizəçilərə inzibati və məhkəmə icraatı üçün xərclənən məbləğlər də geri qaytarılıb.
Beləliklə bu layihə öz əhatə dairəsi və məqsədləri çərçivəsində BMqT tərəfindən uğurla həyata keçirilərək yekunlaşıb.