RƏSMİ XRONİKA
DÖVLƏT BAŞÇILARININ GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, fevralın 26-da Varşavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Lex Kaçinskinin təkbətək görüşündən sonra dövlət başçılarının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilmişdir.
Görüşdə Azərbaycan ilə Polşa arasında ikitərəfli iqtisadi əlaqələrin uğurla inkişaf etdiyi və enerji sahəsində əməkdaşlıq üçün böyük perspektivlərin olduğu bildirildi.
Dövlətimizin başçısının indiki rəsmi səfərinin əhəmiyyətinin qeyd olunduğu görüşdə bildirildi ki, bu səfər əlaqələrimizin daha da genişlənməsinə və möhkəmlənməsinə təkan verəcəkdir.
Görüşdə ölkələrimiz arasında imzalanan sənədlərin həyata keçirilməsinin əlaqələrimizin daha da genişlənməsi işinə xidmət edəcəyi vurğulandı.
Həmçinin görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunuldu və Polşa Prezidenti Lex Kaçinski bu məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında həllinə tərəfdar olduğunu bildirdi.
Prezident İlham Əliyev Polşanın ölkəmizin ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirdi.
######