İQTİSADİYYAT
Dövlət uzunmüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 24 avqust, AZƏRTAC
Avqustun 24-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0110001929 ISIN-li, 10 milyon manat həcmində, 2548 gün tədavül müddətli dövlət uzunmüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 15 investor tərəfindən qiymət intervalı 82.4417 AZN (12.3149 faiz) və 101.5740 AZN (8.2 faiz) olan 24 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100.1561 AZN (8.4699 faiz), orta ölçülmüş qiyməti 100.4569 (8.4123 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 54 milyon 501 min 500 manat, yerləşdirilmiş həcmi isə 15 milyon manat təşkil edib. İstiqrazlar 2028-ci il avqustun 15-də ödəniləcək. Hərrac iştirakçıları avqustun 25-dək (T+1) istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.