SİYASƏT
DÜNYA TÜRK FORUMU KEÇİRİLƏCƏKDİR
Bakı, 24 avqust (AZƏRTAC). Oktyabrın 20-22-də Türkiyənin Mardin şəhərində “Türk koalisiyası, türk diasporu: sosial-iqtisadi əlaqələr” mövzusunda Dünya Türk Forumu keçiriləcəkdir.
Bu barədə AZƏRTAC-a məlumat verən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov bildirmişdir ki, forumun təşkilatçısı Türk Asiya Araşdirmalar Mərkəzi (TASAM) və Türkiyə Cümhuriyyətinin Mardin valiliyidir. Toplantıda bütün türkdilli dövlətlərin diaspor təşkilatlarının və bu istiqamətdə fəaliyyət göstərən QHT-lərin nümayəndələri iştirak edəcəklər.
ATXƏM-in sədri qeyd etmişdir ki, Dünya Türk Forumunda qlobal və regional problemlərin türk dünyasına təsiri, türk dünyası QHT-lərinin qarşılaşdığı problemlər, türk dünyasında təhsil, elm və mədəniyyət sahəsində QHT-lərin əməkdaşlığı, türk dünyasının gələcəyi üçün vahid layihələrin hazırlanması, türk dünyası mədəniyyət arenası, fərqli mədəniyyətlərdən mədəniyyətlərarası dialoqa, türk dünyasında sosial-iqtisadi vəziyyət, yeni əməkdaşlıq sahələri və təşkilatlanma, ermənilərin sözdə “soyqırım” iddiasına qarşı türk dünyasının vahid işbirliyi kimi mövzuların müzakirəsi nəzərdə tutulur.