DÜNYA
Dünyanın ən bahalı dondurmasını almaq üçün növbəyə durmaq lazımdır
Bakı, 18 may (AZƏRTAC). Dünyanın ən bahalı dondurmasını yemək üçün növbəyə durmaq, onu iki gün əvvəl sifariş vermək lazımdır.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Merilin Monro və Ceki Kennedinin daimi müştəriləri olduğu, sonra isə Keyt Bekinseyl və Con Kyusakın isə romantik komediyada sığındığı bu kafe indi çox məşhurdur.
Nyu-York şəhərindəki "Serendipity 3's Golden Opulence Sundae" restoranı renomesini qorumağa çalışır və müştərilərinə dünyanın ən bahalı dondurmasını təklif edir.
Ginnesin Rekordlar Kitabına "ən bahalı desert" kimi düşmüş dondurmanın qiyməti 1000 dollardır. "Serendipity 3's Golden Opulence Sundae" dondurmasını istəyən müştəri onu iki gün əvvəl sifariş verməlidir.
Dondurmanın hazırlanmasında Taiti və Madaqaskar vanillərindən, Venesuelanın nadir "Çuao" şokoladından istifadə olunmuşdur.
Baş aşpaz Co Kalderonun dediyinə görə, dondurmadakı badam və püstələr Parisdən gətirilir, aylarla süddə saxlanandan sonra vanil kremlə örtülür. Sonra isə dondurmaya marakuya, portağal və ən bahalı konyak damlaları, habelə şokoladlı trüfellər və albalılar əlavə olunur. Sonra dondurma 300 dollarlıq "Baccarat Harcourt" büllur qabına qoyulur.