MƏDƏNİYYƏT
Əbədiyaşar bəstəkar
Bakı, 23 noyabr, Səbinə Mütəllim-zadə, AZƏRTAC
Noyabrın 23-də Üzeyir Hacıbəylinin ev-muzeyində Azərbaycanın dahi bəstəkarı, professional musiqi sənətimizin banisi, musiqişünas-alim, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəylinin vəfatının 75-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru, bəstəkar, Xalq artisti Sərdar Fərəcov Üzeyir Hacıbəylinin vəfatından 75 il ötməsinə baxmayaraq onun hər zaman böyük hörmət və ehtiramla xatırlanacağını bildirib. “O aramızda yoxdur, amma onun xatirəsi həmişə xalqımız üçün əzizdir. Üzeyir bəy elə bir məktəb yaradıb ki, yetişdirdiyi tələbələr onun sənətini layiqincə davam etdiriblər və bu ənənə bu gün də davam edir. Ötən 75 ildə Üzeyir Hacıbəyliyə çoxlu əsərlər həsr olunub. O, sənətdə nə qədər dahi idisə, həyatda o qədər sadə insan idi”, - deyə muzeyin direktoru söyləyib.
Digər çıxış edənlər Üzeyir Hacıbəyli ilə bağlı düşüncələrini, onun həyat və yaradıcılığından maraqlı faktları bölüşüblər.
Ədəbiyyatşünas, dramaturq, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbanov Üzeyir Hacıbəyliyə olan sevgisindən danışıb: “Bu müqəddəs ocaqda və məbəddə danışmaq asan deyil. Üzeyir bəy 75 ildir dünyada yoxdur, ancaq o hər gün bizimlədir. Hər gün onun bəslədiyi himn səslənir. Hər gün sabahı onunla açırıq. O elə böyük şəxsiyyətdir ki, bütün zamanlar üçün böyüklüyünü qoruyub saxladı. Nə qədər ki, Azərbaycan var Üzeyir bəy də daim yaşayacaq”.
Muzeyin şöbə müdiri Gülnarə Ələsgərova 48 ildir fəaliyyət göstərən muzeyin “Xatirə kitabı”nda yazılan Üzeyir bəyə həsr edilmiş şeirlərdən bəhs edib, onlardan bir neçəsini səsləndirib.
Üzeyir Hacıbəylinin əsərlərinin ifa olunduğu tədbirdə Hüseyn Hacıyevin muzeyə bəxş etdiyi rəsm əsərləri nümayiş etdirilib.
Tədbirdə ədəbiyyat və mədəniyyət xadimləri, ziyalılar, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyəti iştirak ediblər.