İQTİSADİYYAT
Ə.Əmirov adına NQÇİ-nin elektrik təsərrüfatı yenilənib
Bakı, 29 dekabr, AZƏRTAC
“Azneft” İstehsalat Birliyinin (İB) sifarişi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında “Neftqaztikinti” Tresti tərəfindən Ə.C.Əmirov adına neft və qazçıxarma idarəsinin (NQÇİ) elektrik sisteminin yenilənməsi istiqamətində mühüm işlər görülüb.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, NQÇİ-də yararsız, istismar müddəti başa çatan elektrik şəbəkələri, paylayıcı qurğular, komplekt transformator məntəqələri yenilənərək müasir tipli avadanlıqlarla təchiz edilib. Köhnə hava elektrik ötürücü xətləri kabel xətləri ilə əvəz olunub, güc transformatorları quraşdırılıb, yeni yarımstansiyalar tikilərək istismara verilib. 10 yarımstansiyaya və bir komplekt transformator məntəqəsinə gərginliyin verilməsi təmin edilib.
Bundan başqa, 134 neft quyusunu elektrik enerjisi ilə təmin edən hava elektrik xətləri kabel xətləri ilə əvəz olunub. 1 və 7 nömrəli, eləcə də Puta, Quşxana, Korgöz və Mərkəzi neftyığma məntəqələrinin, texniki su nasosxanasının, vakuum kompressor stansiyasının, neftin kompleks hazırlanması və nəqli sahəsinin, quyuların əsaslı və yeraltı təmir sahəsinin, istismar avadanlıqlarının quraşdırılması və təmiri sahəsinin, elmi tədqiqat və istehsalat işləri sahəsinin, istehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları sahəsinin inzibati binaları və istehsalat obyektləri, həmçinin bir neçə operator binasının elektrik təchizatı yeni quraşdırılmış şəbəkəyə qoşulub. Köhnə yarımstansiyalar və hava elektrik xətləri demontaj olunaraq istismardan çıxarılıb.
“Azneft” İB-nin obyektlərində uzun müddət istismarda olan elektrik sisteminin yenilənməsi işləri intensiv şəkildə davam etdirilir.