REGİONLAR
Ekspert: Pambıq qəbulu zamanı məhsulun növləri düzgün qiymətləndirilməlidir
Bakı, 20 sentyabr, AZƏRTAC
Pambığın alış qiymətinin hər tona görə 50 manat artırılması fermerlərin bu sahəyə marağını daha da artıracaq.
Bunu AZƏRTAC-a açıqlamasında aqrar ekspert Cəfər İbrahimli deyib.
Ekspert qeyd edib ki, son bir ildə dünya bazarında pambığın alış qiyməti 13 faizədək yüksəlib. Bu baxımdan da ölkəmizdə pambığın alış qiymətinin artırılması fermerləri məhsul istehsalına həvəsləndirəcək, onların maddi rifahının daha da yaxşılaşmasına səbəb olacaq. “Son 1 ildə respublikamızda pambığın alış qiymətinə ikinci dəfə dəyişiklik edildi və fermerlərdən alınan pambığın qiyməti təxminən 30 faiz yüksəldilmiş oldu. Cari ildə fermerlər tərəfindən 260 min ton pambıq istehsalının gözlənildiyini nəzərə alsaq, fermerlər təxminən əlavə 13 milyon manat gəlir əldə edəcəklər”, - deyə o bildirib.
Cəfər İbrahimli zavodların pambıq qəbulu zamanı məhsulun növlərinin düzgün qiymətləndirilməsinin önəminə də toxunub: “Əgər qiymətləndirmə düzgün aparılmasa, fermerlərin gəliri süni surətdə azala bilər. Keçmiş illəri nəzərə alsaq, toplanan pambığın 80 faizə yaxını 1-ci növ olaraq qəbul edilir və bu da öz növbəsində, növün qiymətləndirilməsi ilə bağlı subyektiv yanaşmaların olmayacağını deməyə əsas verir.
Bu sahənin inkişafını təmin etmək üçün zavodların pambıq qəbulu zamanı tətbiq etdikləri nəmliliyə və təmizliyə görə 13-14 faizlik çıxımları ən azı 8 faizə endirmək məqsədəuyğun olardı”.