İQTİSADİYYAT
ƏLAQƏLƏRİN GENİŞLƏNDİRİLMƏSİ ÜÇÜN BÖYÜK İMKANLAR VARDIR
AVSTRİYA İŞ ADAMLARI BU FİKİRDƏDİR
AZƏRTAC-ın müxbiri forumda iştirak edən iş adamlarının bir neçəsi ilə görüşüb, onlardan müsahibə almışdır.
JOHANN GATTERER (ABB AG Konserninin meneceri):
-Bizim şirkət enerji bölməsi və avtomatlaşdırma texnologiyaları istehsalı sahəsində dünyada aparıcı yerlərdən birini tutur. 100 ölkədə 103 min nəfər yüksəkixtisaslı mütəxəssisimiz çalışır. Keyfiyyət, uzunmüddətli zəmanət, ətraf mühitə heç bir zərər verməmək məhsullarımızın əsas üstünlüyüdür. Enerji ötürücüləri, neft emalı, qaz, su təchizatı sistemlərinin yenidən qurulması, idarə edilməsində əldə etdiyimiz nailiyyətlərdən dünyanın əksər ölkələrində istifadə olunur.
ADİL ŞƏRİFOV (AER şirkətinin direktoru):
-Müəssisəmiz nəinki Azərbaycanda, hətta Cənubi Qafqaz, İran, Türkiyədə də mövcud olmayan nadir və ən müasir robot-kompüter avadanlığı vasitəsilə dondurma hazırlanması sahəsində ixtisaslaşıb. Danimarka avadanlığından istifadə edirik. Lakin ehtiyat hissələrin, servis xidmətinin olmaması bizi narahat edirdi. Forumda dünya şöhrətli ABB AG şirkətinin nümayəndələri ilə görüşdə öyrəndik ki, bizə lazım olan avadanlıq üçün ehtiyat hissələri də, servis xidmətini də bir sıra Avropa ölkələrində məhz bu şirkət həyata keçirir. Müəyyən ilkin razılaşmalarımız oldu, ABB AG-nin nümayəndələrini şirkətimizə dəvət etmişəm, yəqin ki, vaxt imkan versə, bizim müəssisədə olacaqlar.
FRİEDRİSH PİCHLER (AUSTRİA RALL ENGİNEERİNG şirkətinin meneceri):
-Şirkətimiz 1979-cu ildən başlayaraq dəmir yolu sahəsində beynəlxalq əlaqələndirmə birliyi kimi, 2002-ci ildə Azərbaycan Dövlət Dəmir Yolu ilə infrastrukturun yenidən qurulması, müasirləşdirilməsi, avadanlıqla təchizatı, xidməti heyətin hazırlanması, maliyyələşdirmə sahəsində müqavilə imzalamışdır. Razılaşmalar, ikitərəfli əlaqələr uğurla davam edir. Bu forumda tərəfdaşımızla əhəmiyyətli görüşümüz oldu, bir sıra təklifləri müzakirə etdik. Əlaqələrimizi genişləndirmək üçün böyük imkanlar vardır.