İQTİSADİYYAT
Elektrik enerjisi istehsalı 4 faizə yaxın artıb
Bakı, 9 aprel, AZƏRTAC
Bu ilin birinci rübü üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, mart ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2 milyard 307,2 milyon kVt/saat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 57,1 milyon kVt/saat, yaxud 2,4 faiz azalması deməkdir.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, mart ayında elektrik enerjisinin idxalı 10 milyon kVt/saat olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1 milyon kVt/saat, ixrac isə 19 milyon kVt/saat olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 154,1 milyon kVt/saat azalıb.
Ümumilikdə 2022-ci ilin yanvar-mart aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 269,2 milyon kVt/saat, yəni 3,9 faiz artaraq 7 milyard 194,2 milyon kVt/saat olub.
Hesabat dövründə ötən ilin ilk 3 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 245,7 milyon kVt/saat artaraq 6 milyard 849,7 milyon kVt/saat, SES-lərdə 17,2 milyon kVt/saat artaraq 253,3 milyon kVt/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 6,3 milyon kVt/saat artaraq 91,2 milyon kVt/saat olub. Külək elektrik stansiyalarında 23,3 milyon kVt/saat, günəş elektrik stansiyalarında 12,5 milyon kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 55,4 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Rüb ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6 milyard 532,7 milyon kVt/saat (İES-lərdə 6 milyard 293,1 milyon kVt/saat, SES-lərdə 239,6 milyon kVt/saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 81,56 milyon kVt/saat (İES-lərdə 58,2 milyon kVt/saat, SES-lərdə 11,7 milyon kVt/saat, GES-də 11,6 milyon kVt/saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 14,1 milyon kVt/saat, müstəqil elektrik stansiyaları üzrə 565,84 milyon kVt/saat təşkil edib.
Cari ilin ilk 3 ayı üzrə elektrik enerjisinin ixracı 508,4 milyon kVt/saat olmaqla, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1,4 milyon kVt/saat artıb. Bu dövrdə elektrik enerjisinin idxalı isə 30,7 milyon kVt/saat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 1,5 milyon kVt/saat azalıb.