CƏMİYYƏT
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində daha 371 tələbə istehsalat təcrübəsi keçəcək
Bakı, 15 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə ali təhsil müəssisələri arasındakı əməkdaşlığa əsasən 2022-2023-cü tədris ili üzrə təqdim edilmiş siyahılar əsasında 19 ali təhsil müəssisəsindən daha 371 tələbənin fevralın 16-dan nazirlik sistemində istehsalat təcrübəsi keçməsinə başlanacaq.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu barədə nazirlikdə ali təhsil müəssisələrinin istehsalat təcrübəsi üzrə məsul əməkdaşları ilə keçirilən görüşdə bildirilib.
Qeyd olunub ki, 2022-2023-cü tədris ili üzrə də istehsalat təcrübəsinin mərkəzləşdirilmiş qaydada və səmərəli təşkil olunması üçün nazirliyin Aparatında, strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda struktur vahidləri üzrə təcrübəçilərin say həddi, üstünlük verilən ixtisas istiqamətləri müəyyənləşdirilib. Həmin tələbələrin nazirlik sistemində istehsalat təcrübəsi keçməsi üçün hazırlıq işləri artıq başa çatdırılıb.
Görüşdə nazirliyin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin əməkdaşları təcrübə prosesinin təşkili, təcrübə qaydaları və qiymətləndirmə ilə bağlı təqdimatla çıxış edib.
Təcrübənin təşkili, təcrübə qaydaları, həmçinin qarşılıqlı əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
Məlumat üçün bildirək ki, ötən il 10 ali təhsil müəssisəsindən 291 tələbənin nazirlik sistemində istehsalat təcrübəsi keçmələri təmin olunub.