SİYASƏT
“Əmirdağ – tarix və kültür atlası” kitabında XIX əsrdə Azərbaycanın Qarabağ bölgəsindən Əskişəhərə köç etmiş soydaşlarımız barədə məlumat verilmişdir
İstanbul, 30 iyun (AZƏRTAC). Əskişəhərdə fəaliyyət göstərən Əmirdağ Mədəniyyət və Sənət Dərnəyinin rəhbəri, yazıçı-publisist Əhməd Urfanlının yeni nəşr olunmuş “Əmirdağ - tarix və kültür atlası” kitabında 1830-cu ildə Azərbaycanın Qarabağ bölgəsindən Osmanlı ərazisinə köç etmiş qarabağlılar barədə geniş məlumat əksini tapmışdır.
Məlumatda bildirilir ki, Cavad xan qəhrəmancasına həlak olandan sonra çar Rusiyasının Şimali Azərbaycanda getdikcə möhkəmlənməsi yerli əhali tərəfindən ciddi narazılıqla qarşılanmışdır. Həmin dövrdən etibarən Azərbaycanın bir sıra bölgələrindən yerli əhalinin qonşu ölkələrə, o cümlədən Osmanlı ərazisinə köçü başlamışdır. Kitabda bildirilir ki, Əskişəhərin Əmirdağ bölgəsində məskunlaşan qarabağlıların həmin dövrdə bu əraziyə köç etmələrinin səbəbi məhz çar Rusiyasının Azərbaycanda bərqərar etdiyi üsul-idarəyə etirazdan yaranmışdır.
Müəllif yazır ki, Qarabağdan gəlmiş azərbaycanlılar hazırda Əskişəhərin Bolvadin bölgəsində yığcam şəkildə yaşayırlar. Hazırda ümumi sayı təxminən 5 min nəfərdən çox olan qarabağlılar Türkiyənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında fəal iştirak edir, ürəklərində tarixi vətənləri Azərbaycana tükənməz sevgi və məhəbbət hisslərini yaşadırlar.
Kitabda bildirilir ki, Əskişəhərdə “Qarabağlılar” kimi tanınan soydaşlarımız ləhcələrini, adət-ənənələrini və digər milli xüsusiyyətlərini bu günədək qoruyub saxlamışlar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul