SİYASƏT
Ermənilərin daha bir yalanının üstü Niderlandda açılmışdır
Bakı, 18 (AZƏRTAC). Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ermənilərin daha bir yalanının üstü Niderlandda açılmışdır.
Azərbaycanın Niderland Krallığındakı səfirliyindən XİN-ə verilən məlumatda deyilir ki, bu ölkədə fəaliyyət göstərən “Benilüks Azərbaycanlıları Konqresi”nin (BAK) apardığı araşdırmalar nəticəsində “Blin” adlı rus mağazalarında “Artsahfrut” şirkətinin istehsal etdiyi müxtəlif çeşidli qida məhsullarının satıldığı məlum olmuşdur. Həmin şirkətin məhsullarının Niderlandda fəaliyyət göstərən və adında erməni dilindəki “hay” (erməni) ifadəsi olan “Hayfood” şirkəti tərəfindən idxal olunduğu aydınlaşdırılmışdır. “Artsahfrut” şirkətinin internet səhifəsində qurumun qida məhsulları istehsal etdiyi və qeydiyyat ünvanlarında Ermənistan adı ilə yanaşı yerləşdiyi yerin Stepanakert şəhəri olduğu göstərilmişdir.
BAK tərəfindən təşkil olunan tədbirlər nəticəsində göstərilən məhsulların Niderland mağazalarında satışı dayandırılmış, məsələ ilə bağlı səfirlik Niderland XİN-i məlumatlandırmışdır.