SİYASƏT
Əşrəf Əl-Naur: Forumda müzakirə olunan bütün məsələlər qlobal əhəmiyyətə malikdir
Bakı, 27 aprel, Ceyhun Alışlı, AZƏRTAC
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda təşkil olunmasını əlamətdar hadisə kimi qiymətləndirirəm.
Forumda müxtəlif millətləri təmsil edən insanların iştirakı və qarşılıqlı fikir mübadiləsinin aparılması təqdirəlayiqdir. Hesab edirəm ki, burada müzakirə olunan bütün məsələlər qlobal əhəmiyyətə malikdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Beynəlxalq Miqrasiya Təşkilatının BMT-dəki nümayəndəliyinin eksperti Əşrəf Əl-Naur deyib.
“Biz Bakı bəyannaməsi ilə yaxından tanış olduq, orada maraqlı və olduqca əhəmiyyətli məsələlər öz əksini tapıb. Xüsusilə qeyd etməliyəm ki, bəyannamənin doqquzuncu maddəsində miqrasiya ilə bağlı məsələlər yer alıb. Hesab edirəm ki, bu maddənin bəyannamədə olması bugünkü dövr üçün çox böyük önəm daşıyır”, - deyə qonaq bildirib.
Əşrəf Əl-Naur Azərbaycanın dünyada tolerantlıq və multikultural ənənələri ilə tanındığını, Qlobal Forumun bunu bir daha nümayiş etdirdiyini vurğulayıb.