CƏMİYYƏT
Fəal yaşlanma layihəsi çərçivəsində Xaçmazda pensiyaçılarla görüş keçirilib
Bakı, 3 mart, AZƏRTAC
BMT-nin Əhali Fondu (BMTƏF) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” birgə layihəsi çərçivəsində Xaçmaz rayonunda pensiyaçılarla görüş keçirilib.
BMT-nin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a verilən məlumata görə, 80-dək pensiyaçının iştirak etdiyi tədbir layihənin yaşlı və ahıl şəxslərin fəal iştirakçılığını təşviq edən məlumatlandırma kampaniyasının davamı olub.
Tədbirin açılışında BMT-nin Əhali Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və layihənin icraedici tərəfdaşı “Üçüncü bahar” İctimai Birliyinin nümayəndələri çıxış ediblər.
İştirakçılara fəal yaşlanma məfhumu, yaşlı insanların layihədən əldə edə biləcəkləri fayda barədə ətraflı məlumat verilərək bildirilib ki, layihə yaşlıların rifahına, daha sağlam və müstəqil həyat sürməsinə, fəal iştirakçılıq imkanlarına malik olmasına dəstək məqsədi daşıyır və onların fəal iştirakçılığının təşviqi və təmin edilməsi sahəsində imkanlar yaradır. Bu məqsədlə paytaxtda və bölgələrdə əhalinin yaşlı təbəqələri ilə mütəmadi məlumatlandırma görüşləri təşkil olunur və onlarda fəal iştirakçılığa maraq artırılır.
Görüşdə psixoloq Səidə Əhmədovanın iştirakı ilə yaşlı insanlar üçün “Əhval-ruhiyyəni daim yüksək səviyyədə necə saxlamalı?” mövzusunda sessiya təşkil olunub.
Tədbir yaşlı insanların əl işlərindən ibarət sərgiyə baxışla yekunlaşıb.
Qeyd edək ki, “Fəal Yaşlanma” layihəsi BMT-nin Əhali Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən layihə pensiya yaşına çatmış şəxslərin fəal və sağlam həyat tərzi keçirməsini təmin etmək məqsədilə müxtəlif dəstəkləyici və inklüziv tədbir və proqramların tətbiqini nəzərdə tutan innovativ sosial təşəbbüsdür. Layihə çərçivəsində ölkənin ilk Fəal Yaşlanma İndeksinin hazırlanması, yaşlı əhali ilə ölkəboyu ictimai görüşlərin keçirilməsi, fəal yaşlanma ilə bağlı maarifləndirmə və təşviqat işlərinin aparılması, ahıllar üçün nəzərdə tutulmuş bir sıra fəaliyyətin (kompüter kurslarının təşkili, səsli kitabların və elektron kitabxananın yaradılması, sosial çağrı mərkəzinin istifadəyə verilməsi və s.) həyata keçirilməsi nəzərdə tutulur.
2019-2021-ci illəri əhatə edəcək layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”), Dövlət Statistika Komitəsi, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi və “Üçüncü bahar” İctimai Birliyi ilə sıx əməkdaşlıq şəraitində icra edilir.