İQTİSADİYYAT
Gələn il ümumi daxili məhsulun real iqtisadi artımı 1,0 faiz olacaq
Bakı, 29 sentyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2017-ci il və sonrakı üç il üzrə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən gələn il ölkədə ümumi daxili məhsulun (ÜDM) real iqtisadi artımı 1,0 faiz olmaqla 61,4 milyard manat təşkil edəcək.
AZƏRTAC bu barədə Maliyyə Nazirliyinin saytında yerləşdirilən Azərbaycan Respublikasının 2017-ci ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatına istinadən bildirir.
2018-2020-ci illər ərzində artım tendensiyasının davam edəcəyi və 2020-ci ildə ümumi daxili məhsulun real artım tempinin 2,4 faiz olacağı proqnozlaşdırılır.
Qeyri-neft sektorunda ümumi daxili məhsulun real ifadədə 2,5 faiz artaraq 41,7 milyard manat olacağı proqnozlaşdırılır. Özəl sektorun ÜDM-də payı 82,8 faiz həcmində nəzərdə tutulur.
2017-ci ildə sahə strukturuna görə ümumi daxili məhsulun 4,0 milyard manatı və ya 6,4 faizi kənd, meşə və balıqçılıq təsərrüfatının, 22,2 milyard manatı və ya 36,2 faizi sənayenin, 6,1 milyard manatı və ya 9,9 faizi tikintinin, 24,3 milyard manatı və ya 39,6 faizi xidmətlərin istehsalının, 4,8 milyard manatı və ya 7,8 faizi məhsula və idxala xalis vergilərin payına düşəcək.