ELM VƏ TƏHSİL
Gənc türkoloq alimin kitabı Türkiyədə nəşr olunub
Bakı, 19 may, AZƏRTAC
AMEA Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İbrahimovun “Türk xalqlarının ortaq əlifba, imla və ünsiyyət dili” kitabı Türkiyənin “Akçağ” nəşriyyatında işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, kitab bu tədqiqatın əsas müddəalarını türkologiya elmi üçün uğurlu bir addım və gərəkli bir araşdırma hesab edən akademik Möhsün Nağısoylunun “Ön söz”ü ilə çap olunub. Türkiyəli professor Əhməf Bican Ərcilasunun yüksək qiymətləndirdiyi əsərdə türk xalqlarının əlifba məsələləri, müstəqil türk respublikalarında əlifba islahatları istiqamətində görülən işlər, xüsusilə də XX əsrin əvvəlindən bu günə kimi əlifba və imla məsələləri sahəsində gedən proseslər araşdırılıb.
Kitabda türklər arasında ortaq ünsiyyət dilini formalaşdırmaq üçün əlifba və imla problemlərini həll etmək kimi məsələlər elmi-nəzəri aspektdə tədqiq olunub. Əsərdə türk xalqlarının ortaq və ümumi əlifbaya keçməsi yollarının müəyyənləşdirilməsi, nəzərdə tutulan yeni əlifbada türk dillərindəki ortaq səslər üçün istifadə ediləcək ortaq hərflər, ortaq ünsiyyət dili üçün imla məsələlərinin günümüzdə yenidən aktuallığı öz əksini tapıb. Müəllif III fəsli bütövlükdə türk xalqları arasında ortaq ünsiyyət dilinin zəruriliyi məsələlərinə, ortaq ünsiyyət dilinin yaradılmasında mövcud problemlər və onların aradan qaldırılması yollarına həsr edib.
Monoqrafiyadan türkoloq-dilçilər, filologiya fakültələrinin bakalavr, magistr və doktorantları faydalana bilərlər.