CƏMİYYƏT
Gəncədə insan alveri ilə mübarizəyə dair maarifləndirmə təlimi keçirilib
Bakı, 10 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təhlükəsiz səyahət” ölkəyə daxil olan və xaricə səfər edən şəxslərin insan alveri təhlükəsi barədə məlumatlandırılması” layihəsinin icra planına uyğun olaraq “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi tərəfindən Gəncədə müxtəlif yaş qrupuna aid 30 nəfərə insan alveri ilə mübarizəyə dair maarifləndirmə təlimi keçirilib.
AZƏRTAC xəbər verir ki, təlimi İnsan alveri ilə mübarizə sahəsində böyük təcrübəsi olan, tanınmış ekspert Südabə Məmmədova aparıb. Təlimçilərə xaricə getmək istəyən və ölkəmizə gələn şəxslərin insan alveri qurbanına çevrilməmələri üçün nəyi bilmələri, hansısa problemlə rastlaşdıqda hansı qurumlara müraciət etmələri, hansı sənədləri mütləq şəkildə özündə saxlamalı olduqları, xarici ölkələrə ailə qurmaq, təhsil almaq adı ilə gedən şəxslərin hansı zəruri tədbirlər görmələri ilə bağlı geniş məlumat verilib.
Təlimin sonunda iştirakçılara sertifikatlar verilib, maarifləndirmə turuna cəlb olunacaq 20 könüllü seçilib.
Həmçinin ölkəmizə gələn və qonşu ölkələrə gedən insanlara “Təhlükəsiz səyahət” adlı maarifləndirici bukletlər paylanılıb.