CƏMİYYƏT
Gənclər siyasəti ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində olub
Bakı, 31 yanvar, AZƏRTAC
Yanvarın 31-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Akademiyanın rəisi general-mayor Baba Salayev əlamətdar gün münasibətilə gəncləri təbrik edib. O bildirib ki, gənclər siyasəti ulu öndər Heydər Əliyevin fəaliyyətində daim diqqət mərkəzində olub. Gənc nəslin inkişafına xüsusi diqqət yetirən Ümummilli Lider onların imkan və bacarıqlarını yüksək qiymətləndirərək, çıxışlarında ölkənin gələcək müqəddəratı və inkişafının məhz indiki gənclərdən asılı olacağını deyib.
Akademiyanın rəisi ötən müddət ərzində gənc nəslin düzgün yetişdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü, Ulu Öndərin arzuladığı sağlam, vətənpərvər, intellektli gəncliyin formalaşdığını diqqətə çatdırıb.
B.Salayev qeyd edib ki, əsası dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun Prezident İlham Əliyevin rəhbərliyi ilə layiqincə davam etdirilməsi gənclər siyasəti istiqamətində görülən işlərin uğurla reallaşmasına şərait yaradır. Bu gün gənclərin milli-mənəvi, vətənpərvərlik ruhunda tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan dövlətimizin başçısı İlham Əliyevin göstərdiyi diqqətin bariz nümunəsidir.
Sonra tədbir Akademiyanın xalq çalğı alətləri ansamblının və incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib.