CƏMİYYƏT
Gənclər təşkilatlarının fəaliyyətinin stimullaşdırılması məsələsi müzakirə olunub
Bakı, 14 may, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondu gənclər təşkilatları ilə onlayn məsləhətləşmələr keçirib.
Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, tədbirin məqsədi pandemiya dövründə gənclər təşkilatlarının fəaliyyətinin stimullaşdırılması, 14-cü qrant müsabiqəsinə təqdim edilən layihələrin qiymətləndirilməsi və icra mexanizmlərinin müzakirəsi olub. Görüşdə 100-ə yaxın gənclər təşkilatının nümayəndəsi iştirak edib.
İştirakçılar Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın çağırışlarına cavab olaraq, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə dövlətimizin həyata keçirdiyi tədbirlərə dəstək vermək məqsədilə gənclər təşkilatlarının da fəaliyyətlərini genişləndirməli və şaxələndirməli olduqlarını bildiriblər. Gənclər təşkilatlarına Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrini, koronavirusla mübarizə tədbirləri ilə bağlı maarifləndirici materialların gənclər arasında geniş yayılmasına dəstək olmaları tövsiyə edilib. Diqqətə çatdırılıb ki, xüsusi karantin rejimi ilə bağlı kütləvi tədbirlərin təxirə salınmasını nəzərə alaraq, belə görüşlərin videobağlantı formatında davam etdirilməsi gənclərlə iş sahəsində fəaliyyətin fasiləsizliyinin təmin olunmasına şərait yaradır.
Fondun nümayəndələri gənclər təşkilatlarının təmsilçilərinin çoxsaylı suallarını cavablandırıb, təklifləri dinləyiblər.
Sonra görüş gənclər təşkilatlarının layihə müraciətlərinin pandemiya dövrünün tələblərinə uyğun olaraq yenidən baxılması, layihələrin uyğunlaşdırılması və sair mövzular ətrafında müzakirələrlə davam etdirilib.