CƏMİYYƏT
“Gənclər təşkilatlarının üzvlərinin ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda onlayn vebinar keçirilib
Bakı, 13 may, AZƏRTAC
BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin Azərbaycan təmsilçisi Rəşad Hüseynovun təqdimatında “Gənclər təşkilatlarının üzvlərinin ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi” haqqında onlayn vebinar keçirilib.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından (ARGTMŞ) AZƏRTAC-a bildiriblər ki, vebinarın keçirilməsinin əsas məqsədi gənclər təşkilatlarının nümayəndələrinin daha peşəkar idarəçilik bacarıqlarına yiyələnməsi üçün ünsiyyətin səmərəliliyinin artırılması ilə bağlı faydalı məlumatların verilməsi olub.
Vebinarda ünsiyyətin gənclər təşkilatlarının idarəçiliyində rolu, xüsusilə COVID-19 zamanı insanların sosial şəbəkələr vasitəsilə ünsiyyəti, sosial şəbəkələrdə dezinformasiyaların yaranması və insanların buna reaksiyası və sair mövzulara toxunulub.
Eləcə də gənclər təşkilatlarının rəhbər və nümayəndələri, ARGTMŞ-in katibliyi və könüllüləri, fərdi gənclər onlayn vebinarda iştirak ediblər.
Vebinarda Rəşad Hüseynov gənclər təşkilatlarının nümayəndələrinin suallarını cavablandırıb.