MƏDƏNİYYƏT
Günay Əfəndiyeva: “Heydər Əliyev və ümumtürk mədəni irsi” kitabı yaxın zamanda işıq üzü görəcək
Bakı, 23 noyabr, AZƏRTAC
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində bir sıra layihələr həyata keçirilib. Bu il təşkilatın Türk Akademiyası ilə birgə əməkdaşlıq çərçivəsində Qazaxıstanda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans təşkil edilib. Həmçinin Ulu Öndərin möhtəşəm yubileyi Avropanın müxtəlif şəhərlərində Fondun himayəsində yaradılan və 7 Türk dövlətini təmsil edən qadın musiqiçilərdən ibarət “Yeddi Gözəl” musiqi qrupunun konsertləri ilə qeyd olunub. Eyni zamanda, Fond tərəfindən Ulu Öndərin 100 illiyinə həsr olunmuş böyük nəşr layihəsinin - “Heydər Əliyev və ümumtürk mədəni irsi” adlı kitab yaxın zamanda işıq üzü görəcək.
AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) tərəfindən keçirilən “Heydər Əliyev və parlamentarizm” adlı konfransda çıxış edərkən deyib.
Günay Əfəndiyeva şərəfli ömrünü ölkəsinə, xalqına həsr etmiş Azərbaycanın Ümummilli Lideri, Türk dünyasının böyük oğlu Heydər Əliyevin genişmiqyaslı fəaliyyətindən söz açaraq deyib: “Heydər Əliyev Azərbaycana ən çətin zamanda qayıtdı və yenidən dövləti qurdu. Dövlətin müstəqilliyini əbədiləşdirdi. Bu gün öz torpaqlarını qaytarmış, tarixi ədaləti bərpa etmiş, ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın təməlini qoydu. Bu, tarix yazmaq missiyasıdır və müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir".
Günay Əfəndiyeva Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini xatırladaraq, bu sözlərin dərin fəlsəfənin başlanğıcı kimi uzaqgörənliyin və qardaşlığın rəmzinə çevrildiyini vurğulayıb.